Azərbaycanla İran korrupsiyaya qarşı mübarizə sahəsində memorandum imzalayıb (FOTO)


Digərləri 20 İyn 2018 18:25:00 305 0

Azərbaycanla İran korrupsiyaya qarşı mübarizə sahəsində memorandum imzalayıb (FOTO)

Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilir

Bakı. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində Azərbaycanda beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı ölkəmizin bu sahədə beynəlxalq əlaqələri daim diqqət mərkəzində saxlanılır. Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin başçılıq etdiyi nümayəndə heyəti əvvəlcədən razılaşdırılmış Anlaşma Memorandumunun imzalanması məqsədilə 17-18 iyun tarixlərində İranın Tehran şəhərində səfərdə olub. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, səfər çərçivəsində K.Əliyevlə qonşu ölkənin Baş Təftiş Təşkilatının sədri Nasir Serac arasında keçirilmiş görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları, antikorrupsiya sahəsində görülən işlər, eləcə də, bu sahədə ixtisaslaşmış qurumlar olan Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarə Baş İdarəsinin fəaliyyət istiqamətləri və strukturu barədə qarşı tərəfə ətraflı məlumatlar verilib, habelə “ASAN” xidmət mərkəzlərinin uğurlu fəaliyyətindən danışılıb. N.Serac öz növbəsində 2017-ci ildə Azərbaycanda səfərdə olarkən ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib, bu sahədə təmsil etdiyi qurumun Azərbaycanın müvafiq dövlət qurumları ilə birgə səmərəli təcrübə mübadiləsi aparmasına maraqlı olduğunu diqqətə çatdırıb. Tədbir Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İranın Baş Təftiş Təşkilatı arasında korrupsiyaya qarşı mübarizə və onun qarşısının alınması sahəsində Anlaşma Memorandumunun imzalanması ilə başa çatıb, daha sonra hər iki tərəf mətbuat nümayəndələrinin suallarını cavablandırıb.