Əli Əhmədov: "İndi hamını düşündürməlidir ki, qaçqınlıq daimi yaşayışa çevrilməsin"


Siyasət 20 İyn 2018 17:20:42 296 0

Əli Əhmədov: "İndi hamını düşündürməlidir ki, qaçqınlıq daimi yaşayışa çevrilməsin"

"Qaçqın və məcburi köçkün probleminin olması dünyada ədalətin pozulması deməkdir"

"Qaçqın və məcburi köçkün probleminin olması dünyada ədalətin pozulması deməkdir".

"Report" xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov Ümumdünya Qaçqınlar günü ilə bağlı tədbirdə deyib.

O bildirib ki, 30 il bundan əvvəl Azərbaycanın həyatını kökündən dəyişən qaçqınlıq və məcburi köçkünlük problemi indi bütün dünyada var: "Azərbaycanda bir milyondan artıqqaçqın və məcburi köçkün var. Dünyada isə hazırda qaçqınların sayı 68 milyondan çoxdur. Azərbaycanın yaşadığı ağrılara lazımi diqqətin olmaması səbəbindən bu problem indi bütün dünyanı silkələməyə qadir problemə çevrilib"

Ə.Əhmədov qeyd edib ki, Azərbaycanda hər on nəfərdən biri məcburi köçkün və qaçqın vəziyyətindədir: "Azərbaycandakı problemin ağırlığı dünyadakı vəziyyətdən ağırdır".

Onun sözlərinə görə, bu gün dünyada ayrı-ayrı dövlətlər qaçqınlar probleminin həll olunması üçün yardımlar göstərirlər: "Dünyanın bütün beynəlxalq qurumlarının diqqət və qayğısı ondan ibarət olmalıdır ki, qaçqınlığı yaradan səbəbi aradan qaldırılsın".

Baş nazirin müavini bildirib ki, qaçqının həyatı yaxşı ola bilməz, onun yaşayış şəraiti düzələ bilər, amma qaçqınlıq qaçqınlıqdır, nə qədər o öz evi qayıtmayıb, ömrünün sonuna qədər mənəvi acını çəkəcək: "İndi hamını düşündürməlidir ki, qaçqınlıq daimi yaşayışa çevrilməsin. Əgər biz həqiqətən ədalətsizliyi aradan qaldırmaq istəyiriksə, daha ciddi tədbirlər görməliyik. Əks halda bütün dünyada bu problemlər dərinləşəcək. İnanıram ki, gələcəkdə beynəlxalq ictimaiyyət daha ciddi addımlar atacaq".