“BANMın məzunu olmaq çox qürur verici bir hissdir”


Digərləri 20 İyn 2018 12:00:00 315 0

“BANMın məzunu olmaq çox qürur verici bir hissdir”

Son.az 7500 namizəd arasında qalib gələrək iş təklifi alan gənc mühəndislə  müsahibəni təqdim edir:

- Emilya, özünüz haqda nə deyə bilərsiz?

Mən, Məmmədova Emilya, Bakı Ali Neft Məktəbinin 2018-ci il, "Neft-qaz mühəndisliyi" ixtisası üzrə məzunuyam. Hazırda dünyanın böyük neft və qaz servis şirkəti olan "Baker Hughes" şirkətində "LEAD" proqramı üzrə mühəndis olaraq fəaliyyətə başlamışam.  

- BANM-ın məzunu olmaq sizin üçün necə bir hissdir?

BANM-ın məzunu olmaq ilk növbədə çox qürur verici bir hissdir. Sözün düzü, bizim Ali Məktəbi seçəndə mənim üçün önəmli olan ingilis dilində təhsil, iki diplom və akademik mühit idi. Lakin indi mən anlayıram ki, BANM mənim üçün sadəcə təhsil aldığım bir müəssisə deyil, artıq mənim ailəmdir. Bəli, mən burada texniki biliklər əldə etmişəm, amma daha önəmlisi - insanlarla ünsiyyəti, dəyərləri və dostluqları öyrənmişəm. Hər kəsin xəbəri var ki, BANM-da qayda-qanun çox sərtdir. Etiraf edim ki, bir tələbə olaraq əvvəllər buna qarşı çıxsam da, sonradan dərk etmişəm ki, bu qayda-qanunlar bizi necə də həyata düzgün hazırlayıb. İndi biz şirkətlərə getdikdə onların sərt qaydalarına alışmaqda çətinlik çəkmirik, çünki məhz həmin standartlara uyğun tam 5 il təhsil almışıq. Ona görə də, tam səmimiliklə deyə bilərəm ki, BANM-ın məzunu olmaq qürurvericidir.

- Necə oldu ki "Baker Hughes" şirkətinə 7500 namizəd arasından seçildiniz?

"Baker Hughes" şirkətinin "LEAD" adlı bir proqramı var. Bu proqramın məqsədi gələcək liderləri, menecerləri yetişdirməkdir. Proqram haqqında isə sosial şəbəkələrdən xəbər aldım və elə həmin dəqiqə müraciət etdim. Bir neçə gün sonra artıq mənə onlayn testlər göndərdilər. Tam 5 mərhələdən ibarət testlər oldu. Bura məntiq, mexaniki testlər, psixoloji testlərədək daxil idi. Sonra iki intervyu oldu və yarım finala keçdiyim haqda xəbər aldım. Yarım final çox çətin bir mərhələ idi, bizi müxtəlif yoxlamalardan keçirmişdilər və rəqabət hədsiz güclü idi. Lakin, bir zəng gəldi və mən şad xəbəri aldım. Rusiyanın Tümen şəhərində olacaq finala dəvət almışdım. Sevincimi təsəvvür belə edə bilməzsiz. Bu mənim üçün  çox böyük uğur idi. Və nəhayət, Tümendə sonuncu mərhələ baş tutdu. Burada artıq bütün regiondan - Rusiyadan, Qazaxıstandan, Azərbaycandan namizədlər, profesional mühəndislər gəlmişdi. 24 saat davam edən bu mərhələnin sonunda onu uğurla keçdiyimi öyrəndim və nəticədə şirkət tərəfindən aparıcı sahə mütəxəssisi vəzifəsinə iş təklifi aldım. 

- Bu uğurunuz üçün kimə təşəkkür edərdiz?

İlk növbədə anama - həyatımdakı ən dəyərli insana. Həyatımın hər bir anında yanımda olan, mənə dəstək olan mənim anamdır. Necə ki, BANM-a daxil olmaq uğurumun arxasında anam idi, eləcə də bütün sonrakı uğurlarımda məni ruhlandıran odur. Anamdan başqa, təbii ki müəllimlərimə də bu uğuru borcluyam. Hər bir müəllimimin, mənim üzərimdə əməyi var. Hər biri mənim hansısa xüsusiyyətimin formalaşmasında böyük rol oynayıb. Hər birinə təşəkkür edirəm. Qeyd etdiyim kimi, BANM mənim üçün artıq bir ailədir, bir həyat məktəbidir. Və təbii ki, hörmətli rektorumuz Elmar Qasımova da təşəkkür edirəm. O bizim üçün sadəcə təhsil müəssisənin rəhbəri yox, bir ailə başçımız kimi doğma olub. Təhsil aldığımız bütün müddət ərzində hər bir tələbəyə qayğı ilə yanaşıb. Və mən əminliklə deyə bilərəm ki, onun mənim üzərimdə ən az bütün müəllimlərim qədər, ailəm, dostlarım qədər əməyi var və bu səbəbdən mən ona çox minnətdaram.