Bakıda qanunsuz çoxmənzilli bina


Digərləri 20 İyn 2018 09:57:00 290 0

Bakıda qanunsuz çoxmənzilli bina

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 4-cü mikrorayon sakinləri tərəfindən yaşadıqları binanın həyətində 16 mərtəbəli binanın qeyri-qanuni tikintisinin başlanması ilə bağlı müraciət daxil olub.

Son.az xəbər verir ki, Komitədən Trend-ə verilən məlumata görə, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilərək müəyyənləşdirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2, 3A, 4 və 5A nömrəli 5 mərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə "Komfort Plaza" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 mərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işlərinə başlanıb.

Aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda yaşayış binasının layihələndirilməsi üçün 0,08 hektar torpaq sahəsi ayrılsa da, tikintiyə icazə proseduru başa çatdırılmayıb və tikintiyə icazə verilməyib. Bununla yanaşı, "Komfort Plaza" MMC-nin əməkdaşları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinə yerində təqdim olunmuş ərazi planlaşdırma sənədlərinin Azərbaycan Respublikasının müvafiq şəhərsalma qanunvericiliyinə zidd tərtib olunduğu müəyyənləşdirilib. Belə ki, ərazidə yerləşdirilməsi nəzərdə tutulan 16 mərtəbəli yaşayış binası miqyasına görə mövcud 5 mərtəbəli yaşayış binalarına uyğun deyil, habelə binada mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları, yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması ilə bağlı və digər tələblərə riayət olunmayıb.