Bakıda hər gün ölümə atılanlar FOTO


Digərləri 19 İyn 2018 20:22:00 320 0

Bakıda hər gün ölümə atılanlar  FOTO

Bakının Heydər Əliyev prospektində, SOCAR-ın baş ofisinin yaxınlığında yolu keçmək istəyən yüzlərlə piyadaların həyatı hər gün təhlükə qarşısında qalır. Məlum olduğu kimi yolda sürət həddi 90 kilometrdir, üstəlik prospektin Bağırov körpüsündən başlayaraq metronun Koroğlu stansiyasına qədər olan bir neçə kilometrlik hissəsində cəmi iki yerdə ("Şəfa" stadionu yaxınlığında yeraltı və "Koroğlu" metrostansiyasından bir qədər aralıda yerüstü) piyada keçidi mövcuddur.

Son.az virtualaz.org-a istinadən bildirir ki,altı zolaqlı, hərəkətin kifayət qədər intensiv olduğu prospektin hər iki tərəfində zavod və müəssisələr yerləşdiyindən hər gün işə gedib-gələnlər, o cümlədən yaxınlıqda yaşayanlar həyatını təhlükəyə ataraq sürətlə şütüyən avtomobillərin arasından yolu keçməli olur.

Yaxınlıqda yaşayanların çoxsaylı şikayətlərdən sonra səhər və axşam saatlarında yolu keçənlərə son vaxtlar polis kömək etməyə başlayıb. Amma bu da problemin həlli deyil və az qala hər saat, hər dəqiqə bu yolda piyadaların vurulması riski yaranır. Yaxınlıqda yaşayanlar deyirlər ki, 2004-cü ildən, yəni prospektin salınmasından bəri bu yolda avtomobillərin təkərləri altında can verənlərin sayını itiriblər.

Sonuncu dəfə bir neçə gün əvvəl iki uşaq anası Lalə İmaməliyevanı bu yolda avtomobil vuraraq öldürüb. Hadisə şahidlərinin dediyinə görə, avtomobilin sürəti yüksək olduğundan, piyada bir neçə metr hündürlüyə qalxaraq yerə düşüb və aldığı xəsarətlərdən yerindəcə keçinib. Virtualaz.org-un əməkdaşları bu gün prospektin Zəki Məmmədov küçəsi ilə kəsişməsində, bədbəxt hadisələrin ən çox baş verdiyi ərazidə müşahidə aparıblar. Günorta saatları və qeyri-iş günü olmasına baxmayaraq cəmi bir neçə dəqiqə ərzində yoldan 10-dan çox piyada keçib. Onlar həyatlarını riskə atdıqlarını etiraf etsələr də, başqa əlacları olmadıqlarını bildirirlər.

18 yaşlı Şəbnəm Vəliyeva deyir ki, hər gün evdən çıxanda valideynləri ona buradan keçməməyi tapşırsalar da, çarəsizlikdən vədinə əməl edə bilmir: "Hər gün valideynlərim dönə-dönə tapşırırlar ki, buradan keçməyim. Onlara söz verirəm, amma yenə də bu yoldan keçməli oluram. Bilirəm təhlükəlidir, başqa çarəm yoxdur. Siz özünüz də baxın, burada yaxınlıqda piyada keçidi görürsünüzmü?", - deyə müsahibimiz sual edir.


Xəbərə aid fotolar