Bölgələrdə külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb


Digərləri 19 İyn 2018 13:01:00 306 0

Bölgələrdə külli miqdarda narkotik maddə dövriyyədən çıxarılıb

Narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Bakı. Samir Əli - Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyunun 18-də bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 3,5 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə və xeyli sayda çətənə kolları polis əməkdaşları tərəfindən aşkar edilərək götürülüb. Belə ki, Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Dağlı kənd sakini, əvvəllər məhkum olunmuş Elxan Yusifov çəkisi 1 kiloqram 815 qram olan marixuananı satarkən cinayət başında yaxalanıb. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürborakı kənd sakini Vüqar Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 24 ədəd çətənə kolu və 1 kiloqram 41 qram marixuana aşkar edilərək götürülüb.