Hamilələr 6 ay bu üsuldan istifadə etsələr...


Digərləri 18 İyn 2018 04:30:00 395 0

Hamilələr 6 ay bu üsuldan istifadə etsələr...

Son.az ailem.az-a istinadən Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun məqaləsini təqdim edir.

Ana namizədlərini rahat bir hamiləlik keçirib-keçirməyəcəkləri və körpələrinin sağlamlığı təbii olaraq narahat edir. Hamiləliyin ikinci üç aylığına çatdıqdan sonra bu narahatlıqlar bir az azalır və kosmetik məsələlər daha çox əhəmiyyət kəsb etməyə başlayır. Bu məsələlərin ən birincisi də şübhəsiz ki, hamiləlikdə ortaya çıxan yay mövsümündəki günəş ləkələri və qarın çatlarıdır. Hamiləlik bəzi dəri dəyişikliklərinə səbəb ola bilər. Bu dəyişikliklərin böyük əksəriyyəti hormonal dəyişikliklərlə əlaqədardır. Üzdə rəng dəyişiklikləri, ovuc içərisində qızartı və qaşıntılı dəri səpkilərinə nisbətən daha nadir hallarda rast gəlinir. Demək olar ki, bütün hamilə qadınlarda müşahidə olunan bir dəyişiklik də qarının ortasından keçən qara bir zolağın ortaya çıxmasıdır. Lakin analığa namizədləri ən çox narahat edən üzdə yaranan hamiləlik ləkələri və qarında yaranan dəri çatlarıdır.

İlk növbədə onu qeyd etmək lazımdır ki, hamiləlikdə gün ərzində 1.5 litrə yaxın su içmək mütləqdir, isti yay günlərində isə bu miqdar daha da arta bilər. Dərinin sağlamlığı birbaşa maye və qida qəbulundan asılıdır. Susuzluq - dərinin qurumasına, rəngin dəyişməsinə və xəstəliklərə daha həssas olmasına gətirib çıxardar. Odur ki, hamilə xanımlarımıza məsləhətimiz qızmar yay günlərində su qəbulunu unutmamaqdır. Dəri təmizliyinə diqqət yetirməklə yanaşı, hər dəfə bayıra çıxanda günəş qoruyucu kremlərdən istifadə də vacibdir. Çimərlikləri və günəşlənməyi sevən hamilə xanımlara isə qoruyucu krem və ya sprey istifadə etməklə səhər saat 10-a qədər və 16-dan sonra 30 dəqiqədən çox olmamaq şərtilə günəş qəbul etməyə icazə verilir.

Dəridə meydana çıxan çəhrayı ağ rəngli, yara izinə bənzər dəyişikliklər stria gravidarum və ya hamiləlik çatları adlandırılır. Tipik görünüşü dəridə kiçik və çox dərin olmayan çöküntülər şəklindədir. Açıq dərili qadınlarda bu, çəhrayıya bənzər bir rəngdə ola bilər. Tünd dərililərdə isə ətrafındakı dəri rəngindən olduqca açıq rəngdə, hətta gümüş rəngində görüntüsü olur. Dəridə olan kollagen adı verilən maddənin ayrılmasına görə ortaya çıxırlar. Ağrılı olmur, lakin yüngül qaşınmaya səbəb olur. Həm mexaniki gərilmədən asılı olaraq, həm də hormonal səbəblərlə ortaya çıxa bilər. Ən çox qarnın alt nahiyələrində görülməklə yanaşı, ombalarda, budlarda, döşlərdə və hətta qollarda belə, ortaya çıxa bilər.

Çatların yaranmasında ən mühüm amil genetik amildir. Zənci qadınlarda dəri çatları demək olar ki, müşahidə olunmur. Asiyalılarda daha nadir hallarda rast gəlinir. Ağ dərili qadınların isə təxminən 75-90%-də  müxtəlif nisbətlərdə qarın və ya dəri çatlarına rast gəlinir. Başqa sözlə desək, anası və ya bacılarında hamiləlik çatları olan qadınlar çox böyük ehtimalla belə bir problemlə üzləşəcəklər.

Qarın çatları əsasən son 3-4 ayda yavaş-yavaş ortaya çıxır. Lakin bəzi vaxtlar son 3-4 həftəyə qədər aşkar olunmayıb, daha sonra ortaya çıxa bilər.

Genetik amildən başqa qarın çatları üçün digər bir risk amili çəkinin ani və çox sürətlə artmasıdır. Qarnın sürətlə böyüməsi nəticəsində dəri dartılır və elastikliyini itirir, bu da çatların yaranmasına gətirib çıxarır. Bu səbəbdən də çəkinin nəzarətli və ideal sərhədlərdə artması çatların yaranmasının müəyyən qədər qarşısını ala bilir. Yaranan çatlar təəssüf ki, doğuşdan sonra da itmir. Rəngi dəyişərək gümüşü və ya sədəfəbənzər bir rəng alırlar. Bəzi qadınları bu vəziyyət narahat etmir və bunu ana olmağın bir işarəsi olaraq qəbul edirlər. Bəziləri isə çatlardan xilas olmaq istəyir. Bu məqsədlə inkişaf etdirilmiş bir çox cərrahi metod vardır və bu metodlar plastik cərrahlar tərəfindən həyata keçirilir.

Qarın çatları və bunların qarşısının alınması təbii ki, kosmetika istehsalçılarının da diqqətini cəlb edir. Bu məqsədlə istehsal edilən bir çox məhsul bazara çıxarılmışdır. Lakin bunların çatların qarşısını alması və yaranan çatları aradan qaldırması hələ də mübahisəlidir və elmi olaraq effektivliyi sübut olunmuş bir məhsul yoxdur. Bununla yanaşı bu məhsulların istifadəsinin inkişaf etməkdə olan körpəyə və hamilə qadına mənfi təsiri də yoxdur.

Çatların qarşısının alınmasında ən effektiv tədbir dərinin nəmliyini qorumaqdır. Bu da balanslı, sağlam bir qidalanma və kifayət qədər maye qəbulu ilə mümkündür. Hamiləlikdə su qəbulunun əhəmiyyəti çatların qarşısının alınmasında da özünü göstərir. Balanslı qidalanma ani və həddindən artıq çəki artmasına mane olduğu üçün qarın dərisinin lazım olduğundan artıq dartılmasının qarşısını alır. Bu ani dartılma çatın yaranmasında mühüm rol oynayır.