Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Tərtərin zəhərlənmə baş vermiş pambıq sahəsində olub


İqtisadiyyat 17 İyn 2018 17:55:34 325 0

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəhbəri Tərtərin zəhərlənmə baş vermiş pambıq sahəsində olub

Xidmət nümayəndələri fermerlərlə görüş keçiriblər

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələri Tərtər rayonunda ötən gün zəhərlənmə hadisəsinin baş verdiyi pambıq sahəsində olublar.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Səydimli kəndində Rasim Həsənova məxsus pambıq sahəsinə baxış keçirən Xidmət rəsmiləri fermerlərlə görüşüblər.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev "Report"un Qarabağ bürosuna bildirib ki, pambıq sahəsində alaq otlarına qarşı mübarizədə dərmanlama işləri aparılarkən xüsusi geyim və vasitələrdən istifadə olunmalıdır və xüsusi paltar olmadan həmin işlər görülən zaman mexanizatorların sağlamlıqlarında ciddi fəsadlar yaran bilər.

Onun sözlərinə görə, bütün hallarda kimyəvi preparatlardan istifadə labuddür:

“Bütün hallarda kimyəvi preparatlardan istifadə labüddür. Amma nəzərə almalıyıq ki, bunlar zərərli kimyəvi maddələrdir. Bu maddələrlə işləyərkən sahə aqronomları, mexaniklər, operatorlar, texniki işçilər mütləq qoruyucu vasitələrdən istifadə etməlidirlər. Özlərini bu yolla kimyəvi preparatların zərərli təsirindən qorumalıdırlar. Kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir. Digər tərəfdən hər bir preparatın toksiki dərəcəsinə görə tətbiqindən sonra sahədə mexaniki və əl işlərinin aparılma müddətlərinə məcburi qaydada əməl olunmalıdır. Əks halda bu, bir sıra fəsadlara gətirib çıxara bilər”.

FAO-nun rəsmi məlumatına görə, hər il zərəli orqanizmlərin təsirindən bitkiçilik məhsullarında 35 faiz itki olur. Bu səbəbdən kimyəvi preparatların istifadəsi vacib məsələdir.