“Mübarizlər” yarışının qalibləri mükafatlandırılıb


Digərləri 16 İyn 2018 19:43:00 353 0

“Mübarizlər” yarışının qalibləri mükafatlandırılıb

İyunun 16-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Təlim-Tədris Mərkəzində "Gilan Holding", FHN, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə beynəlxalq səviyyəli ekstremal idman turniri - "Mübarizlər" yarışı keçirilib.

Son.az bildirir ki, yarışın açılış mərasimində çıxış edən "Mübarizlər" layihəsinin rəhbəri Elvin İsmayılov turnir haqqında məlumat verib. Bildirilib ki, yarışda iştirak üçün 680 nəfər qeydiyyatdan keçib. Qalib komandalar və fərdi iştirakçılar sentyabrda keçiriləcək super finala vəsiqə qazanacaqlar. Azərbaycanın qüdrətli idman ölkəsi olduğunu vurğulayan layihə rəhbəri təşkilati dəstəyə görə FHN-ə, Gənclər və İdman Nazirliyinə, Milli Olimpiya Komitəsinəvə "Gilan Holding"ə təşəkkürünü bildirib.

Diqqətə çatdırılıb ki, ötən il Bakıda təşkil olunan və böyük maraq doğuran "Mübarizlər" layihəsi ikinci mövsümdə ekstremal idman həvəskarlarına fəal istirahətin tamamilə yeni formatını - çətin keçilən ərazidə maneəli qaçış təklif edir. Maneələr məxsusi olaraq elə hazırlanıb ki, trasın qət edilməsi zamanı iştirakçıların bütün qrup əzələləri hərəkətdə olur. Ötənilki yarışdan fərqli olaraq, bu mövsüm "Mübarizlər" layihəsində hər iki formatda iştirak edənlər üçün pul mükafatı nəzərdə tutulub. Yarışın ümumi mükafat fondu 15 min manatdır.

Sonra yarışlara start verilib. Qaydalara əsasən, iştirakçılar 5 kilometrlik trası qət edib, habelə uzunluğu 7 kilometr olan 42 maneədən ibarət məsafə üzrə qüvvələrini sınayıblar. Nəticədə sentyabrda keçiriləcək super finala vəsiqə qazanan komandalar və fərdi iştirakçılar müəyyənləşdirilib.

Kişilərin fərdi yarışında birinci yeri Sergey Silin, ikinci yeri İvan Degtaryov, üçüncü yeri isə Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Cəlal Süleymanov tutub.