Azərbaycanda mirasın vərəsələrə keçməsi proseduruna dair yeni tələblər müəyyənləşib


Digərləri 16 İyn 2018 14:20:00 302 0

Azərbaycanda mirasın vərəsələrə keçməsi proseduruna dair yeni tələblər müəyyənləşib

Vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında ərizə miras açıldığı gündən altı ay ərzində verilməlidir

Azərbaycanda mirasın vərəsələrə keçməsi proseduru təkmilləşdirilib, yeni tələblər müəyyənləşdirilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.

Qüvvədə olan Təlimata əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.  Təlimata əlavə edilən yeni müddəalara görə, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer hesab ediləcək. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılacaq. Miras qoyanın ölümü haqqında verilmiş şəhadətnamədə onun ölüm tarixinin günü deyil, yalnız ayı göstərilibsə, mirasın açıldığı vaxt həmin ayın axırıncı günü, il göstərildikdə həmin ilin dekabr ayının 31-ci günü mirasın açıldığı vaxt hesab ediləcək. Miras qoyanın ölüm faktını və mirasın açıldığı vaxtı təsdiq edən sənədlər fiziki şəxsin ölümü haqqında qeydiyyat orqanının verdiyi şəhadətnamə və şəxsin ölmüş elan edilməsi, yaxud ölümün qeydə alınması faktı barədə çıxarılmış məhkəmə qərarı hesab ediləcək. Mirasın tərkibinə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Qanunvericiliyə əsasən mirasın tərkibinə miras qoyanın sağlığında mülkiyyət hüququ əldə etdiyi daşınmaz və daşınar əmlakın rəsmi reyestrlərində qeydə alınan əmlak, habelə mükafat, müəllif qonorarı, alınmamış əməkhaqqı, pensiya, bank əmanətləri, qiymətli kağızlar, müəssisədəki pay və sığorta ödənişi və s. daxil ediləcək. Miras qoyanın qanunla müdafiə edilən əmlak və şəxsi qeyri-əmlak hüquqlarına zərər vurulması ilə əlaqədar dəymiş ziyanın ödənilməsi haqqında tələb vərəsələrə keçəcək.

Qüvvədə olan Təlimata əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir. Dəyişikliyə əsasən vərəsələr hüquqi və fiziki şəxslərə bölünür, mirasın açıldığı yerin notariusu həm də əvvəlki qaydada dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verəcək. Bundan əlavə, artıq vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Vərəsəlik şəhadətnaməsində hər bir vərəsəyə çatası pay (hissə), yetkinlik yaşına çatmayan vərəsə olduqda isə onun doğum tarixi göstərilməlidir. Bir neçə vərəsə olduqda əgər onların payı bərabərdirsə "...mirasdan bərabər hissələrdə irs almalıdırlar.", yeganə vərəsə olduqda "...mirasdan irs almalıdır.", vərəsələrə çatası paylar (hissələr) fərqli olduqda isə "...1/3 hissə, yaxud ...2/3 hissə" kimi ifadə olunmalıdır. Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək, maraqlı şəxsləri rəsmən depozitə qoyulmuş vəsiyyətnamənin məzmunu ilə tanış edəcək. O cümlədən əvvəlki qaydada notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.

İndiyə qədər əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməyibsə, notarius ərizəni qəbul edib, lakin vərəsəyə təklif edib ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud notariat kontoruna şəxsən gəlsin.  Dəyişikliyə əsasən bundan sonra birmənalı olaraq poçtla daxil olmuş həmin ərizə əsasında vərəsəlik işi açılmayacaq. Lakin ərizəçi vərəsəlik işinin açılması ilə əlaqədar həmin notariat kontoruna mirasın qəbulu və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş müddəti ötürdükdən sonra gələrsə və ya notariat qaydasında təsdiq edilmiş ərizəsini göndərərsə, müddətin hesablanması birinci ərizənin poçtla daxil olduğu gündən hesablanacaq. Qüvvədə olan Təlimata əsasən vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılıb. Bundan sonra isə vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.