Həbs edilməyi qadağan olan yeganə insan: Çantasında daşıdığı İNANILMAZ SİRR


Digərləri 15 İyn 2018 23:21:00 368 0

Həbs edilməyi qadağan olan yeganə insan: Çantasında daşıdığı İNANILMAZ SİRR

Hazırda kraliça II Yelizavetanın ailəsinin yeni üzvü, əsmər gözəl Meqan Marklla olan münasibəti hər kəsin müzakirə mövzusudur. Hətta ölkəmizdə onları "Qayınana" filminin unudulmaz personajları Cənnət və Afət duetinə bənzədirlər. Belə ki, son günlər media nümayəndələri kraliçanın rəfindən Harri və Meqanın birgə fotosunun yoxa çıxdığını, yerində isə Uiliyam və Harrinin şəkilinın peyda olduğunu iddia edirlər. Bəs Böyük Britaniyanın ən uzun müddətli taxt sahibi II Yelizaveta haqda başqa nələr bilmək istərdiniz?

Son.az Böyük Britaniyanın kraliçası II Yelizaveta haqda ən maraqlı faktları toplayıb.

Balaca şahzadə

Böyük Britaniyanın kraliçası II Yelizaveta 21 aprel 1926-cı ildə Londonda hersoq Yorskinin ailəsində dünyaya göz açıb. Tam adı Yelizaveta Aleksandra Meri olan kraliça Vindzor sülaləsindəndir.

Yelizaveta uşaqlıqdan mükəmməl təhsil alır. Bundan əlavə konstitusiya, hüququn əsasları, iqtisadiyyat elmlərinə yiyələnir. Yeniyetmə şahzadə həmçinin atçılıq, rəqs və musiqi ilə də dərindən maraqlanırdı. Saray etiketini isə anasından mənimsəyirdi.

1936-cı ildə Yelizavetanın əmisi Eduard ailəli qadına vurulduğu üçün taxtdan imtina edir və krallığın tacı şahzadənin atasına keçir. Yelizavetanın atası VI Georq taxta gələndən sonra 10 yaşlı Yelizaveta Britaniya hakimiyyətinin varisinə çevrilir. Siyasi karyeraya gedən yolunun başlanğıcında gələcək kraliça konstitusiya tarixi elmini öyrənməyə başlayır. 1940-cı ildə İkinci Dünya Müharibəsinin başlanğıcında Yelizaveta Vindzor sarayına evakuasiya olunur. Savaş illərinin uzun müddətini orada keçirdir. Radio ilə ilk çıxışı 1940-cı ildə müharibədən əziyyət çəkən dünya uşaqlarına müraciəti olur. 1944-cü ildən etibarən dövlət məsləhətçisi təyin olunur. Həmin vaxtdan etibarən Yelizavetaya atası VI Georgun yoxluğunda monarxın öhdəliklərini yerinə yetirmək hüququ verilir. 1945-ci ildə isə hərbi nəqliyyat məşq mərkəzində mexanika avtomobil idarə etməyi öyrənir. İkinci Dünya Savaşı bitəndə şahzadə artıq kiçik komandir rütbəsini alır.

Taclı şahzadə

1947-ci ilin 20 noyabr tarixində Yelizaveta uzaq qohumu, özü kimi kraliça Viktoriyanın nəvəsi olan şahzadə Filip Mauntbettenlə ailə qurur. Şahzadə Filip yunan şahzadəsi Andreyin oğlu idi. Yelizaveta ilə ailə qurduqdan sonra Edinburq hersoqu rütbəsini qazanır. Qızının toyundan 5 il sonra VI Georq ciyər çatışmazlığından dünyasını dəyişir. Həmin gün Yelizaveta həyat yoldaşı ilə Keniyada istirahətdə idi. Atasının ölümü elan olunan kimi Böyük Britaniyanın yeni kraliçası seçilir.

1953-cü ilin 2 iyun tarixində Londonda rəsmi tacqoyma mərasimi keçirilir və II Yelizaveta taxta gəlir.

Elə həmin gündən etibarən II Yelizaveta Birləşmiş Böyük Britaniya krallığının, Şimali İrlandiyanın, həmçinin 15 dostluq ölkəsinin (Avstraliya, Baham adaları, Barbados, Kanada, Yeni Zellandiya, Qrenada, Beliz, Yamayka və s.) kraliçasıdır. O həmçinin igilis kiilsəsinin başçısı və hərbi qüvvələrin baş komendantıdır. Vurğulamaq lazımdır ki, 1953-1961-ci illər ərzində Cənubi Afrikanın da kraliçası olub.

Kraliça II Yelizaveta ölkənin siyasi idarəçiliyindən tamamən uzaqdır. Buna baxmayaraq, hər il parlamentin açılış mərasimində iştirak edir, yüksək rütbəli məmurlar və digər ölkələrin səfirləri ilə görüşür. Həmçinin xarici dövlətlərə rəsmi səfərlər edir.

2015-ci ilin 9 sentyabr tarixində II Yelizaveta Böyük Britaniyanın tacının ən uzun müddətli sahibəsi kimi rekord yeniləyir. O, həmçinin ölkənin ən yaşlı monarxı kimi də tarix yazır.

Kraliçanın 4 övladı var. Böyük oğlu Uels şahzadəsi Çarlz Filip Artur Georq taxtın varisidir. Şahzadə Çarlz 1948-ci ildə dünyaya gəlib, Şahzadə Anna Elizabet Elis Luiza qardaşından 2 yaş kiçikdir. Şahzadə Enryu Albert Kristian Edvard 1960-cı ildə dünyaya göz açıb, ailənin sonbeşiyi isə 1964-cü ildə doğulan şahzadə Edvard Entoni Riçard Luisdir.

Sirr deyil ki, 2012-ci ildə II Yelizavetanın taxtda olmasının 60 illik yubileyi münasibətilə Biq Ben qülləsi rəsmi olaraq "Yelizaveta qülləsi" adlandırıldı.

92 yaşlı kraliça adətən doğum gününü ailəsinin əhatəsində qeyd edir. Özü də ildə iki dəfə. Belə ki, XX əsrin əvvəlində kral VII Eduardın qoyduğu qaydalara görə monarx doğum gününü iyun ayının istənilən şənbəsi qeyd etməlidir. Çünki bu tarixdə hava şəraiti insanların bayram əhvalını korlaya bilməz. Kraliçanın ikinci ad günü isə özünün doğulduğu tarix, yəni aprelin 21-dir.

Bu gün II Yelizaveta İngiltərənənin canlı rəmzidir. Dəmir ledi milyonlara örnək olan, yalnız özünəxas, bəzən də qeyri-adi etiket qaydaları ilə daim dünyanın diqqət mərkəzində olub.

Məsələn kraliça və onun qohumları öz pərəstişkarları ilə ünsiyyətdə ola bilərlər, amma avtoqraf vermək qəti qadağandır. Çünki onların imzası yalnız rəsmi sənədlərdə olmalıdır. Saxta imza oğurluğundan qorumaq üçün kral ailəsi bu addımı atmır. Lakin şahzadə Çarlz cəmi bir dəfə bu qaydanı pozub. Daşqından əziyyət çəkən ailələrə baş çəkərkən, bir qadının avtoqraf istəyini geri çevirə bilməyib.

Kraliça və onun ailəsi seçkilərdə səs vermirlər. Çünki II Yelizaveta xalqın seçdiyi partiya ilə tərəfdaşlıq etməlidir, seçimə müdaxiləsi doğru sayılmır.

Həmçinin II Yelizavetanın əsas varisləri birgə uzaq səfərlərə çıxmaq hüququndan məhrumdurlar. Bədbəxt hadisə baş verərsə digərləri həyatda qalsın deyə krallığın bu qanununa əməl etmək vacibdir.

Hər il Vindzorlar ailəsi Milad bayramını birgə qeyd edirlər. Kraliçanın ailə üçün yazılmamış qanunu da var. Hər kəs bir-birinə ucuz, amma gülməli hədiyyə almalıdır. Təbii ki, kraliçaya heç kim zarafat sərhədlərini aşan hədiyyə ala bilməz, lakin deyilənə görə bir dəfə Şahzadə Harri bu riskə gedir. Nənəsinə üzərində "həyat çox iyrəncdir, deyilmi?" yazısı olan hamam kalpakı hədiyyə edir.

Kraliçanın və onun ailəsindəki xanımların əməl etməli olduqları daha bir qayda kraliça oturuşudur. Belə ki, xanımın ayaqlarını bir-birinin üzərinə qoyub əyləşməyi qeyri-etik sayılır. Dizlər mütləq yanaşı, bitişdirilmiş olmalıdır.

Kraliça həyat yoldaşından daim iki addım öndədir.

Bəli, şahzadə Filip daim kraliça xanımından iki addım geridə getməlidir. Bu istənilən rəsmi görüşlərdə və ziyafətlərdə əməl olunan qaydadır.

Kraliça başda olmaqla kral ailəsi xərçəng və digər dəniz məhsullarını yeməməlidirlər. Çünki məhz bu məhsullar allergiya və zəhərlənmə riskini artırır. Onlara həmçinin səfər etdikləri ölkələrdə çiy ət, qaynadılmamış su içmək də qadağandır. Lakin şahzadə Çarlz ilbiz yemək həzzindən özünü məhrum etmək istəmir.


Xəbərə aid fotolar