Sakinlər Azərbaycan əsilli milyarderin 300 milyon dollarlıq layihəsinə qarşı


Dünya 15 İyn 2018 17:20:00 457 0

Sakinlər Azərbaycan əsilli milyarderin 300 milyon dollarlıq layihəsinə qarşı

Rusiyanın Sankt-Peterburq şəhərinin sakinləri Azərbaycan əsilli milyarderlər Qod Nisanova, Zarah İliyevə onların ortaqları İlham Rəhimovun kürəkəninə məxsus "Kiyevskaya ploşad" şirkətlər qrupuna daxil olan "Optima" şirkətinin nəhəng layihəsinə etiraz edir.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, sakinlər Peterburqun Slava prospektində şirkətə ayrılmış 3.6 hektarlıq ərazidə nəhəng okeanariumun və ticarət mərkəzinin tikilməsini istəmir. Və məsələ şəhər referendumuna çıxarıla bilər.

Sakinlər istəyir ki, həmin ərazi yenidən Beynəlmiləlçilər parkının ərazisinə qaytarılsın. "Optima" şirkəti əvvəlcə həmin ərazidə təkcə 25 min kvadratmetrlik  okeanarium tikəcəyini bildirmişdi. Amma sonradan 250 min kvadratmetr sahəsi olan nəhəng kommersiya layihəsi açıqlandı. Bu sahənin çox hissəsini ticarət mərkəzi tutacaq. Şirkət layihəyə 300 milyon dollara yaxın investisiya yatırmağa hazırlaşır.

Neçə vaxtdır ki, şəhər sakinləri yerli hakimiyyət orqanlarının bu layihəyə dair qərarlarını dəyişdirməyə çalışırlar. Amma şəhər Duması və qubernatora, habelə prezident Vladimir Putinə edilən çoxsaylı müraciətlər cavabsız qalıb. Şəhər meriyası layihəyə icazə versə də Peterburqun qanunverici məclisi hələ onu təsdiqləməlidir.