Sumqayıtda qız söhbətinə görə qətl törədən şəxsin cəzası azaldılıb


Sosial 15 İyn 2018 16:45:57 270 0

Sumqayıtda qız söhbətinə görə qətl törədən şəxsin cəzası azaldılıb

Hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub

Sumqayıt Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Teymur Sadıqovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, T.Sadıqovun 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası 10 il 6 aya endirilib.

Qeyd edək ki, hadisə 2017-ci il iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini T.Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

İlkin məlumatda bildirilib ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

T.Sadıqov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Sadıqov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, barəsində daha yüngül cəza təyin edilməsini istəyib.