Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi


Digərləri 15 İyn 2018 14:50:00 340 0

Nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşdi

Azərbaycanda birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi proseduru müəyyənləşib. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişikliklər edilməsi barədə qərarında əksini tapıb.    Beləliklə, bundan sonra birgə nikah dövründə əldə edilmiş əmlaka sərəncam verilməsi haqqında müqavilənin ləğvi və ya dəyişdirilməsi zamanı notarius ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq edilmiş razılığını alacaq. Əmlakın üzərinə məhkəmə tərəfindən həbs qoyulduqda, müqavilənin ləğv edilməsinə dair müqavilə yalnız onun götürülməsindən sonra bağlanıla bilər. Müqavilənin ləğv edilməsinə dair müqavilə istənilən notariat kontorunda müqavilə tərəflərinin iştirakı ilə təsdiq edilə bilər.

Bu halda həmin məlumat dərhal "Elektron notariat" informasiya sisteminə daxil edilməli, daşınmaz əmlaka münasibətdə isə həmçinin, daşınmaz əmlakın dövlət reyestri orqanına ötürülməlidir. Eyni zamanda, bu barədə yazılı məlumat notarius tərəfindən ləğv edilən notariat hərəkətini aparmış notariat kontoruna və ya notariat işinin saxlanıldığı Dövlət notariat arxivinə verilməlidir. Həmin məlumat əsasında digər notariat kontorunda və ya Dövlət notariat arxivində müqavilənin saxlanılan nüsxəsində və notariat hərəkətlərinin qeyd edildiyi reyestrdə müvafiq qeydiyyat aparılır.

Əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə ləğv edilərkən, əgər bu müqavilə müvafiq orqanda hələ qeydə alınmamışdırsa, daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış və ərin (arvadın) razılığı tələb edilmir.