Hüquq müdafiəçisi zorlama işinə görə telekanalı məhkəməyə verəcək


Digərləri 14 İyn 2018 22:22:00 363 0

Hüquq müdafiəçisi zorlama işinə görə telekanalı məhkəməyə verəcək

Azərbaycan Uşaqlar Birliyinin sədri zorlanmış qız uşağının sığınacağa verilməsini, onun ata-anasının isə valideynlik hüququndan məhrum edilməsini istəyir

Azərbaycanın iri telekanallarından birinin xəbərlər departamentinin rəhbərliyi öz atası tərəfindən zorlanmış Sumqayıt şəhərinin azyaşlı sakini qarşısında rəsmi qaydada üzr istəməlidir.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib.

Hüquq müdafiəçisi bildirib ki, əks təqdirdə, o, telekanaldan şikayət edəcək və uşaq hüquqlarını kobud şəkildə pozduğuna görə, telekanal məhkəmə qaydasında cavab verməli olacaq.

İyunun 13-də həmin telekanal və bir sıra yerli informasiya portalları özünün 15 yaşlı qızını zorlayan 37 yaşlı Sumqayıt şəhər sakininin saxlandığı barədə xəbər yayıb. Bununla yanaşı, jurnalistlər qızın yaşadığı ünvanı, onun ad və soyadını da açıq şəkildə qeyd ediblər.

Halbuki, mövcud qanunvericiliyə görə, zorakılığın qurbanı olmuş şəxslə bağlı informasiyaları yaymaq onun təhlükəsizliyinə təhlükə yaratdığı və onu müdafiəsiz hala gətirdiyi üçün yolverilməzdir. Burada qeyd etmək lazımdır ki, Sputnik Azərbaycan-ın redaksiyasında hələ bir neçə gün qabaq Sumqayıtda azyaşlıya qarşı törədilmiş cinayət barədə detallı informasiya var idi. Lakin istintaqın gedişinə zərər verməmək və mənfi nəticələrə səbəb olmamaq üçün onu yaymamağı lazım bildik. Agentlik peşəkar jurnalistikanın etik prinsiplərini rəhbər tutdu. Lakin bu cinayətin törədilməsinə dair informasiyalar əcaib formada yayıldığından, Sputnik Azərbaycan hüquq müdafiəçisinə müraciət edib.

"Mən bu gün cəmiyyətimizdə baş verənləri sözlə ifadə edə bilmirəm. Bu, çirkin və təhqiramizdir. Özünü jurnalist adlandıran şəxslər sensasiya xatirinə hər şeyə başlarını soxmağa və vəziyyəti daha da ağrlaşdırmağa hazırdırlar. Bu isə iyrəncdir. Axı onların da anası, bacısı, qızı var. Bunu necə etmək olar? İndi yaramaz və əxlaqsız adamlar zorakılığın qurbanının yaşadığı evi axtarmağa başlayacaqlar. Onun üçün orada yaşamaq təhlükəsiz deyil. Özü də qızın ailəsi problemlidir. Ana əxlaqsız həyat tərzi keçirir və əri ilə birlikdə onları valideynlik hüququndan məhrum etmək vacibdir. Bu təcavüz hadisəsi bağlı qapılar arxasında dinlənilməlidir. Kriminal hadisələri işıqlandıran jurnalistlər isə söhbətin kimdən getdiyini açıqlamamalıdır" - deyə Ağazadə bildirib.