TANAPın açılışı: "Enerjinin İpək yolu"nun geosiyasi əhəmiyyəti


Digərləri 14 İyn 2018 17:18:00 271 0

TANAPın açılışı: "Enerjinin İpək yolu"nun geosiyasi əhəmiyyəti

Azərbaycan müstəqil dövlət kimi bir sıra beynəlxalq layihələrin təşəbbüskarıdır. Onların sırasında TANAP ayrıca yer tutur. Çünki bu layihədən öncə gözlər "Nabucco" adlanan enerji layihəsinə dikilmişdi. Ancaq Qərb ölkələrinin günahı ucbatından "Nabucco"dan imtina edildi. O zaman Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Türkiyədə yeni layihənin həyata keçirilməsi ilə bağlı müzakirələr aparıldı.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, iki qardaş ölkə rəhbərliyi TANAP adlanan layihəni hazırlamaq qərarına gəldilər. O zaman buna qarşı da inamsızlıq yaratmağa və onun qeyri-real olduğu fikrini aşılamağa çalışanlar tapıldı. Lakin Azərbaycan və Türkiyə liderlərinin siyasi qətiyyəti nəticəsində proses dayanmadı. İyunun 12-də isə Əskişəhərdə TANAP-ın açılış mərasimi baş tutdu! Bu hadisənin geosiyasi və tarixi əhəmiyyəti üzərində dayanmağa böyük ehtiyac duyuruq.

Geosiyasi reallıq və siyasi iradə: Azərbaycan-Türkiyə əməkdaşlığının enerji aspekti

Türkiyənin Əskişəhər şəhəri iyunun 12-də tarixi bir gün yaşadı. Orada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna dövlət başçısı Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuciç və Şimali Kipr xalqının lideri Mustafa Akıncı Trans-Anadolu qaz boru kəməri layihəsinin açılışını etdilər. Təntənəli mərasimdə çıxış edən ölkə rəhbərləri bu layihənin geosiyasi, iqtisadi və mədəni töhfələrindən bəhs etdilər. Ekspertlərin marağına səbəb olan açılış mərasimində ifadə edilən fikirlər söhbətin kifayət qədər ciddi bir prosesdən getdiyini təsdiq edir.

Mərasimdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tarixi və geosiyasi əhəmiyyətli bir sıra maraqlı məqamları vurğulayıb (bax: Prezident İlham Əliyev: TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür / AZƏRTAC, 13 iyun 2018).

Öncə Azərbaycan Prezidenti Türkiyənin dünyada oynadığı geosiyasi rolu vurğulayıb. Bakı Ankaranın hər bir uğuruna sevinir. Hazırda Türkiyə dünya çapında böyük gücə çevrilib və "dünya gündəliyini müəyyən edən" ölkələrdən biridir. "Türkiyənin gücü bizim gücümüzdür və bizim gücümüz birliyimizdədir" (bax: əvvəlki mənbəyə). İlham Əliyevin Türkiyənin qlobal geosiyasi nüfuzunun artmasını ifadə etməsi əhəmiyyətli məqamdır.

Bu, ilk növbədə, Türkiyənin dünyada söz sahibi olan ölkələr sırasına daxil olmasının Azərbaycanı çox məmnun etdiyini ifadə edir. Yalnız ona görə yox ki, Türkiyə Azərbaycana qardaş dövlətdir. Burada daha çox Türkiyənin qarşılıqlı faydalı əməkdaşlıq kursu yeridən ölkə kimi uğur qazana bilməsi önə çəkilir. Başqalarına əzələ nümayiş etdirib və ya hədə gəlib nəyəsə nail olmaq yolunun sonu puçdur. O, bütövlükdə bəşəriyyəti faciəyə aparır. Bu səbəbdən həmin kursu seçən ölkələrin uğuru davamlı ola bilməz.

Türkiyə isə öz ədaləti və qarşılıqlı faydalı əməkdaşlıq siyasəti ilə dünya miqyasında nüfuzunu yüksəldən dövlətdir. Və buna Azərbaycan çox sevinir, çünki Azərbaycan da bərabərhüquqlu, faydalı əməkdaşlığa dayanan inkişaf kursu seçib. Bu mənada "Türkiyənin gücü bizim gücümüzdür" və "bizim gücümüz birliyimizdədir". Əlbəttə, qarşılıqlı faydalı əməkdaşlığı inkişafın əsas punktu hesab edən ölkələrin birləşməsi gərəkdir. Bu, bəşəriyyəti ədalətsiz ikili standartlar siyasətindən xilas edə və insanlara rifah gətirə bilər.

Deməli, Azərbaycan Prezidenti məsələyə çox geniş və əhəmiyyətli bir mövqedən yanaşır. İlham Əliyev uzaqgörən dövlət xadimi kimi Azərbaycan-Türkiyə əlaqələrini dövlətçilik prizmasından qlobal gerçəkliklər kontekstində qiymətləndirir. Burada rasional və ədalətli yanaşma özünü göstərir. Azərbaycan münasibətləri keçici emosional faktorlar üzərində deyil, ciddi dövlətçi prinsiplər əsasında beynəlxalq hüquqa uyğun qurmaqdadır. Həm də məhz bu səbəbdəndir ki, "Türkiyə-Azərbaycan birliyi, qardaşlığı həm ölkələrimiz üçün, həm xalqlarımız üçün, bölgəmiz üçün, Avrasiya üçün önəmli amildir" (bax: əvvəlki mənbəyə).

Azərbaycanın dövlət başçısının bu geniş geosiyasi baxış bucağı altında TANAP-ı tarixi bir layihə kimi Azərbaycanla Türkiyənin növbəti zəfəri olaraq qiymətləndirməsi çox əhəmiyyətlidir və tam qəbul ediləndir. "Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür" (bax: əvvəlki mənbəyə).