"Neftçi-də qazandığım hər titul mənə əzizdir" - MÜSAHİBƏ


İdman 14 İyn 2018 17:17:00 285 0

"Neftçi-də qazandığım hər titul mənə əzizdir" - MÜSAHİBƏ

"Neftçi”nin əvəzedici komandasının baş məşqçisi təyin olunan Mahmud Qurbanov klubun rəsmi saytının suallarını cavablandırıb. Goal.az həmin müsahibəni təqdim edir. 

- 13 ildən sonra “Neftçi”yə qayıtdınız. Təəssüratlarınız necədir?

- Təəssüratlarım çox yaxşıdır. Düzdür, bazamız dəyişilib. Bu 13 il ərzində Nobel prospektindəki bazaya cəmi 2 dəfə gəlmişəm, indi isə hər gün burada olacağam. Bu da çox sevindirici haldır.

- Köməkçiləriniz kimlər olacaq?

- İndi bu suala cavab verə bilmərəm. İyunun 20-dən sonra seleksiya xarakterli toplanışlarımız olacaq. Həmin toplanışlarda həm əvəzedici, həm də U-19 komandasının futbolçuları iştirak edəcəklər. O toplanışdan sonra bir çox məsələyə aydınlıq gələcək.

- Əvəzedici komandanın əsas məqsədi nə olacaq - çempion olmaq, yoxsa əsas komanda üçün futbolçu yetişdirmək?

- Əsas məqsəd futbolçulara onların artırmaq arzularının reallaşmasına kömək etmək olacaq. Hər bir oyunçu dərk etməlidir ki, Azərbaycanın ən köklu klubunda oynayır, istər əsas, istərsə də əvəzedici heyətdə. Təbii ki, komandamızın nəticələri uğurlu olsa, biz liderlərin sırasında olsaq, əsas komandanın da diqqətini cəlb edəcəyik. Amma, yenə deyirəm, oyunçuların inkişafına kömək etmək ən önəmli məqsədimiz olmalıdır.

- Azərbaycanın ən titullu futbolçususuz, 11 dəfə ölkə çempionu olmusuz. Bundan başqa, Azərbaycan Kubokunu qazanmısız, "Birlik Kuboku”nun qalibi olmusuz. Futbolçulara qalib psixologiyasını, qələbə ruhunu necə aşılayacaqsız?

- Hər bir komanda üçün qələbə ruhu vacibdir. Mənə artırmağı arzulayan, öz üzərində çalışan, məğlubiyyətlə barışmayan, əzmkar futbolçular lazımdır. Əlbəttə, öz biliklərimi, oyunçu və məşqçi kimi toplandığım təcrübəni onlarla bölüşəcəm. Fərdi danışlıqlarımız da olacaq. Hər oyunçuya xüsusi bir yanaşma lazımdır. Məşqçi heyəti futbolçulara, futbolçular da məşqçi heyətinə inanmalıdır. Uğurun açarlarından biri məhz budur.

- Futbolçu və məşqçi kimi bir çox mütəxəssislə çalışmısız. Onlardan hansı sizə daha çox təsir göstərib?

- İşlədiyim hər bir məşqçi mənim üçün xüsusi rol oynanyıb və məşqçi kimi formalaşmağımda hər bir mütəxəssisin öz payı var. Berti Foqts, Robert Prosineçki, Ağasəlim Mircavadov – onların futbola baxışları fərqlənsə də, hər birindən ən yaxşını alıb, öz işimdə istifadə etməyə çalışıram.

- "Neftçi”də oynadığınız dövrdə üç ən yaddaqalan oyun və ya hadisə hansı olub?

- Birinci yerdə mənim üçün həmişə 2005-ci ildə Gəncədə keçirilmiş "Qızıl oyun” olacaq. "Xəzər Lənkəran”ın güclü komandası var idi. Biz ilk hissədən sonra hesabda geridə olsaq da, ikinci hissədə iki qol vuraraq çempion olduq. Sonra "Pünik”i məğlub etməyimiz gəlir. Həmin il finalda uduzub, "Birlik Kuboku”nu qazana bilməsək də, "Pünik” üzərində qələbə o oyunda iştirak edən futbolçularımızdan heç birinin yadından çıxmaz. Üçüncü yerdə isə... Bilirsiz, "Neftçi”nin heyətində qazandığım hər bir titul mənim üçün əzizdir. Ona görə də komandamızın heyətində qazandığım Azərbaycan çempionluğu və kubokun qalibi titullarını məhz bu pilləyə yerləşdirərdim.

- Azarkeşlərə nə demək istəyirsiz?

- "Neftçi”nin azarkeşləri Azərbaycan futbol tarixinin bir parçasıdır. Onlar həmişə öz komandalarının yanındadırlar. Azarkeşlərimizdən xahişim budur ki, əsas komandanı dəstəklədikləri kimi gəlib əvəzediciləri də dəstəkləsinlər. Biz isə onları sevindirmək üçün əlimizdən gələni edəcəyik.