BMT: "Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir"


Digərləri 14 İyn 2018 16:19:00 256 0

BMT: "Azərbaycanda qida təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir"

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak ilə görüşüb.

DGK-dan Son.az-a verilən məlumata görə, görüşdə FAO-nun Azərbaycandakı fəaliyyəti, o cümlədən Dövlət Gömrük Komitəsi və FAO arasında əməkdaşlıq, qabaqcıl beynəlxalq təcrübənin ölkədə tətbiqi və digər məsələlər müzakirə olunub.

Azərbaycanın gömrük xidməti ilə FAO arasında əməkdaşlıq münasibətlərindən məmnunluqla söhbət açan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, bu əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Komitə sədri son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən iqtisadi islahatların xüsusilə qeyri-neft sektorunun inkişafına təkan verdiyini, bu sahədə əldə olunan nailiyyətlərin nəticəsi olaraq ixrac potensialının da artdığını diqqətə çatdırıb. Səfər Mehdiyev Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə də müsbət təsir göstərdiyini bildirib.

Kənd təsərrüfatının inkişafında və ərzaq təhlükəsizliyinin qorunmasında həyata keçirilən layihələrin rolunu xüsusi qeyd edən Səfər Mehdiyev, Dövlət Gömrük Komitəsinin gömrük sərhədində baytarlıq, sanitar və fitosanitar nəzarətini də həyata keçirdiyini söyləyib.