Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü keçirildi


Digərləri 14 İyn 2018 14:35:00 292 0

Bakı Ali Neft Məktəbində Milli Qurtuluş Günü keçirildi

Bakı Ali Neft Məktəbində (BANM) 15 iyun - Milli Qurtuluş Gününün 25 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, Ali Məktəbin professor-müəllim heyəti və əməkdaşları iştirak ediblər.

Son.az xəbər verir ki, tədbiri öz sözlərilə açan BANM-ın rektoru Elmar Qasımov bu gün ölkəmizin qeyd etdiyi Milli Qurtuluş Gününün çox böyük tarixi olduğunu bildirib. Rektor qeyd edib ki, Azərbaycanda 1993-cü ilin yayında respublikada ictimai-siyasi böhranın baş verdiyi və vətəndaş müharibəsi təhlükəsinin yarandığı bir dövrdə Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyev xalqın istəyilə Naxçıvandan Bakıya gəlib. Heydər Əliyev vətəndaş müharibəsinin qarşısını alaraq iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Məhz bu səbəbdən Azərbaycan xalqının istəyilə Milli Məclis 1997-ci ildə 15 iyun tarixini "Milli Qurtuluş Günü" kimi bayram elan edib. 

Daha sonra tədbirdə  Ali Məktəbin İngilis dili və humanitar fənlər mərkəzinin dosenti, Tarix üzrə fəlsəfə doktoru Ələmdar Şahverdiyev təqdimatla çıxış edib. O bildirib ki, qurtuluşun ilk gərgin 5 ilində Ümummilli lider Heydər Əliyev 33 ölkəyə 79 səfər etmiş, 232 tədbirdə iştirak etmiş və 431 sənəd imzalamışdır. Daha sonra o tədbir iştirakçılarına neft diplomatiyası və Əsrin Müqaviləsinin imzalanması, dünya siyasətində Azərbaycanın mövqeyinin möhkəmlənməsi, beynəlxalq iqtisadi münasibətlərdə Azərbaycanın söz sahibinə çevrilməsinin arxasında duran məqsədyönlü və uğurlu siyasətdən bəhs edib. 


Xəbərə aid fotolar