Bakıda tramadol satışına görə həbs edilən sabiq nazirin qohumuna cəza istənildi


Digərləri 14 İyn 2018 14:21:00 229 0

Bakıda tramadol satışına görə həbs edilən sabiq nazirin qohumuna cəza istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində güclü təsir edən dərmanları qanunsuz satmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Natiq Qasımov, Xatirə İmaməliyeva və Aidə Cəfərovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Natiq Mirzəyev ifadə verib.

O, təqsirləndirilən N.Qasımovun qaynı olduğunu bildirib: "Natiq "Çinar" firmasını açmaq lazım olduğunu dedi. Sonra firma mənim adıma açıldı. İşlərin görülməsi üçün adımdan etibarnamə verdim. Firmanı mən idarə etmirdim, bütün hüquqları etibarnamə ilə ona həvalə etdim. Əvvəldən firmanın qazancından mənə nə qədər pul verəcəyi məsələsində razılığa gəlməmişdik. Amma qazancdan mənə pul verirdi".

Şahid ifadəsinin davamında söyləyib ki, Bakıda kafelərin birində kababçı kimi çalışır.

Daha sonra məhkəmə istintaqı başa çatıb.

Prokuror çıxışında Natiq Qasımovun 7 il, Xatirə İmaməliyeva ilə Aidə Cəfərovanın isə 4 il 6 müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı hər iki qadının məhkəmə zalından həbs edilməsini tələb edib.