Nazirlik: Vergi bəyannamələrinə dəyişikliklər bir sıra anlaşılmazlıqların qarşısının alınmasına şərait yaradacaq


Digərləri 14 İyn 2018 12:54:00 324 0

Nazirlik: Vergi bəyannamələrinə dəyişikliklər bir sıra anlaşılmazlıqların qarşısının alınmasına şərait yaradacaq

4 vergi bəyannaməsinə və əlavələrinə, eləcə də bir hesabat formasına müvafiq dəyişikliklər edilib.

Bakı. Vergi sistemində həyata keçirilən islahatların əsas hədəflərindən biri iqtisadi artımı sürətləndirmək üçün orta və uzunmüddətli dövrdə vergitutma sahəsində səmərəliliyin yüksəldilməsi, büdcənin dayanıqlığının təmin edilməsi məqsədilə büdcə gəlirlərinin əldə olunması, sahibkarlığın stimullaşdırılması və investisiyaların təşviqidir. Həmin siyasətə uyğun olaraq, eyni zamanda, «Dövlət rüsumu haqqında» Qanuna olunmuş dəyişikliklərin tələblərindən irəli gələrək, vergi bəyannamələrində və hesabat formalarında dəyişikliklərin edilməsi də zəruri məsələlərdəndir. Bu günlərdə vergilər nazirinin imzaladığı müvafiq əmrə əsasən, bəzi vergi bəyannamələrinə, hesabat və onların əlavələrinin tərtib edilməsi qaydalarına dəyişikliklər edilib. Mövzu ilə bağlı suallarımızı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarət departamentinin Bəyannamələr idarəsinin direktoru Vüqar Əliyev cavablandırır. - Vüqar müəllim, vergi bəyannamələrinə, hesabat formalarına və onların əlavələrinə edilən dəyişikliklər nədən ibarətdir? - Azərbaycanda aparılan iqtisadi siyasətin mühüm tərkib hissəsi kimi vergi sahəsində davam etdirilən islahatlar inzibatçılığın təkmilləşdirilməsinə, vergi ödəyicilərinə göstərilən xidmətlərin daha da yaxşılaşdırılmasına yönəlməklə yanaşı, ödəyicilərin gəlir və xərclərinin uçotunun düzgün təşkilinə, vergidən yayınma hallarının qarşısının alınmasına və büdcə daxilolmalarının tam həcmdə, vaxtında yığılmasının təmin olunmasına, şəffaflığın artırılmasına xidmət edir. Bu istiqamətdə aparılan kompleks islahatların və yeni iqtisadi münasibətlərin tələblərinə uyğun olaraq, vergi bəyannamələri və onların formaları ilə bağlı bəzi hüquqi tənzimləmə məsələlərinin həll edilməsi zərurəti yaranmışdı. Qeyd etmək istərdim ki, vergi bəyannamələrinin formalarına dəyişikliklər adətən qanunvericiliyə edilən dəyişikliklər zamanı aparılırdı. Son dövrlər aparılan əhatəli və dərin təhlillərin nəticələri və vergi ödəyicilərindən daxil olan müraciətlər nəzərə alınaraq, bəzi bəyannamə formalarının və onların əlavələrinin dəyişdirilməsinə Vergilər Nazirliyi tərəfindən qərar verildi. Nəticədə dörd vergi bəyannaməsinə və əlavələrinə, eləcə də bir hesabat formasına müvafiq dəyişikliklər edildi. Dəyişikliklər həm bəyannamələrin özünü, həm də onun əlavələrini əhatə edir. «Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nə, «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nə, «Əlavə dəyər vergisinin bəyannaməsi»nin 3, 4, 5 nömrəli əlavələrinə, «Əmlak vergisinin bəyannaməsi»nə və onun Əlavəsinə, «Dövlət rüsumu tutulması haqqında hesabat»ın formasına, onun Əlavəsinə və tərtib edilməsi qaydalarına müvafiq dəyişikliklər edilib. Ümumiləşdirdikdə dəyişiklikləri 2 qrupa ayırmaq olar: texniki xarakterli və əsaslı dəyişikliklər. Ən mühüm və ciddi dəyişikliklərdən biri «Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi»nin yeni formada tərtib edilməsindən ibarətdir. Əvvəlki qaydalara əsasən, müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitlərin bəyannamələrdə əks etdirilməsində problemlər yaranırdı. Belə ki, dövlət sosial müdafiə orqanları tərəfindən müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən vəsaitdən tutulan gəlir vergiləri büdcəyə ödənilir, lakin həmin şəxslər digər vergi ödəyicilərinin işçiləri olduğuna görə hesablamaların şəxsi vərəqələrdə əks olunması məsələlərində çətinlik yaranırdı. Yəni, həmin vəsaitlərin hesabatda hansı qaydada əks etdirilməsi qaranlıq qalırdı. Burada dürüstlük, hesabatlılıq, konkretlilik yox idi. Eyni zamanda, həmin sahədə süni olaraq artıq ödəmələr yaranırdı. Vergilər Nazirliyi sosial müdafiə orqanları tərəfindən daxil olan təklif və müraciətləri nəzərə alaraq, həmin sahə üzrə yaranmış uyğunsuzluqları aradan qaldırmaq üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə yeni sətirlərin əlavə edilməsini qərara aldı. Beləliklə, dəyişikliklərdən sonra müvəqqəti əmək qabiliyyətinin itirilməsinə görə işçiyə ödənilən gəlirdən tutulan verginin bəyannamələrdə əks etdirilməsi mümkün olacaq. Eyni zamanda, həmin sahədə vergilərin bəyannamədə əks etdirilməsi ilə bağlı meydana çıxan digər problemlər də aradan qalxacaq. Yeri gəlmişkən, vergi ödəyiciləri və digər şəxslərə məlumat üçün bildirmək istəyirəm ki, qaydalarda göstərildiyi kimi, bəyannaməyə edilmiş həmin sətir bölməsi yalnız dövlət sosial müdafiə orqanları tərəfindən tərtib edilməlidir, digər vergi ödəyicilərinin bəyannamənin həmin hissəsinin doldurulmasına aidiyyəti yoxdur. Digər bir mühüm dəyişiklik «Əlavə dəyər vergisinin bəyannaməsi» və onun 3,4 və 5 №-li əlavələrinin formalarının tərtibi ilə bağlıdır. 3 №-li Əlavəyə edilmiş dəyişikliklərə əsasən, ƏDV tutulan vergitutma obyektləri, ƏDV tutulan əməliyyat hesab edilməyən dövriyyələrlə bağlı ortaya çıxan uyğunsuzluqlar aradan qaldırılıb. 4 №-li Əlavəyə dəyişikliklə 0 dərəcə ilə vergiyə cəlb edilən əməliyyatlar üzrə konkretlilik təmin olunub. Xüsusi iqtisadi zonalarda aparılan əməliyyatların və Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq müqavilələr üzrə əməliyyatların «0» dərəcə ilə vergiyə cəlb olunması üzrə məsələlər sənədlərdə öz həllini tapıb, həmin istiqamətlər üzrə bəyannamələrin əlavə formalarında müvafiq sətir yaradılıb. 5 №-li Əlavələnin mahiyyəti isə ƏDV-dən azadolmalarla bağlı məsələlərə aydınlığın gətirilməsidir. Həmin əlavələrdə də xüsusi iqtisadi zonalar və beynəlxalq müqavilələr üzrə azadolmalarla bağlı əməliyyatları əks etdirən sətir yaradılıb. Bu, vergi ödəyicilərinin öz əməliyyatlarını detallı və təfərrüatlı şəkildə əks etdirməsinə imkan verəcək. Ümumilikdə, hər 3 əlavə formasına edilmiş dəyişikliklər nəticəsində vergi ödəyiciləri üçün öz əməliyyatlarını dürüst formada əks etdirməyə imkan yaradılacaq. Bu, həm vergi orqanı, həm də ödəyici üçün mühüm əhəmiyyət daşıyır. Əlavə olaraq, vergi orqanlarında həmin əməliyyatların vergitutma baxımından qiymətləndirilməsi üçün informasiya mənbəyi yaranacaq. Vergi orqanı əməliyyatların qiymətləndirilməsi zamanı sahibkarların dövriyyələrinin, əsasən də azadolma və güzəştlərlə bağlı hissəsinin qanunvericiliyə uyğunluğunu və əsaslılığını asanlıqla müəyyən edə biləcək və son nəticədə bəyannamədə əks etdirilmiş dövriyyə ilə bağlı qarşılıqlı yazışmaların azalmasında əhəmiyyətli rol oynayacaqdır. «Əmlak vergisinin bəyannaməsi»nə və onun əlavə formasına edilmiş dəyişikliklər əsas etibarilə texniki korrektə xarakteri daşısa da, burada da bir sıra yeni məqamlar mövcuddur. Məlum olduğu kimi, 2017-ci ildən sadələşdirilmiş vergi ödəyicilərinin əmlakları da vergiyə cəlb olunur. Məhz bu səbəbdən, sadələşdirilmiş vergi ilə bağlı sözlər bəyannamədən çıxarılıb, əsas dəyişiklik bəyannamənin Əlavəsi ilə bağlı formasına edilib. Burada vergidən azadolmaların daha dəqiq qiymətləndirilməsi ilə bağlı əlavələr olunub. «Dövlət rüsumu tutulması haqqında hesabat»ın formalarının tərtib edilməsi qaydalarına edilmiş dəyişikliklər isə bir sıra qanunvericilik sənədlərinin tələblərindən yaranıb.