Azərbaycanda iş yerləri ilə bağlı tədqiqatın ilkin nəticələri təqdim olundu


Digərləri 14 İyn 2018 10:13:52 296 0

Azərbaycanda iş yerləri ilə bağlı tədqiqatın ilkin nəticələri təqdim olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Dünya Bankının İş Yerləri ilə bağlı Tədqiqat və Strategiya, Ali Təhsil və Biznes İnkubatorları üzrə missiyası ilə görüş olub. 

Son.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən report-a verilən məlumata görə, missiyaya Dünya Bankının proqram rəhbəri Lire Ersado, proqram üzrə baş iqtisadçı və tapşırıq qrupu rəhbəri İqor Keyfets, baş iqtisadçı Muhammed İhsan Ayvad, səhiyyə üzrə baş mütəxəssis Elvira Anadolu daxildir.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkədə sosial təminat sisteminin qabaqcıl beynəlxalq təcrübə əsasında təkmilləşdirilməsinin Prezident İlham Əliyevin sosial inkişaf kursunun prioritetlərindən olduğunu vurğulayıb. 

Nazir ötən dövrdə bu istiqamətdə aparılan islahatlarda Dünya Bankı ilə birgə icra olunan layihələrin önəmini qeyd edib. 

S.Babayev əməkdaşlığın davamı kimi, Dünya Bankı ilə birgə 2008-2015-ci illərdə həyata keçirilən "Sosial müdafiənin inkişafı" layihəsinin ƏƏSMN-nin fəaliyyətinin gücləndirilməsi, sosial təminat proqramlarının ünvanlılığının təmin edilməsi, aktiv əmək bazarı proqramlarının düzgün idarə olunması üçün informasiya və idarəetmə sisteminin yaradılması, peşə standartlarının, modul təlim proqramlarının hazırlanması və s. kimi sahələrdə görülən işlərə töhfə verdiyini diqqətə çatdırıb. 

O, yeni Məşğulluq Strategiyasının layihəsinin hazırlanmasında da Dünya Bankı tərəfindən aktiv texniki dəstəyin göstərildiyini bildirib.