Uşaq bağçası, yoxsa şiddət məkanı?


Digərləri 13 İyn 2018 22:58:00 342 0

Uşaq bağçası, yoxsa şiddət məkanı?

Ekspertlər bildirir ki, uşağa fiziki təzyiq göstərən müəllimlər pedaqoji təlim görməmiş adamlardır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

"Kids Studio" özəl bağçasında uşaqların döyülmə hadisəsi ilə bağlı yayılan videolar sosial şəbəkə istifadəçiləri tərəfindən təkcə şiddətlə qınanmadı, həmçinin məsələyə aidiyyatı orqanların münasibətini üzə çıxardı. Təhsil Nazirliyinin rəsmiləri "özəl bağçanın lisenziyası yoxdur, qeyri-qanuni fəaliyyət göstərir" - deyə açıqlama verdi. Yasamal rayon İH başçısı hadisənin bağçaya baş çəkdikdən sonra onun fəaliyyətinə son qoyuldu. Millət vəkillərindən "parlamentin plenar iclasında mövzu barədə müzakirə açacağam" - deyənlər də oldu.

Hadisə uşaqların təlim-tərbiyəsi ilə məşğul olan müəssisədə təkcə peşəkarlığın çatışmaması məsələsini deyil, ümumilikdə bu sektorda uşaqlarla necə davranmağın lazımlılığını gündəmə gətirir. Həmçinin olay uşaq bağçalarına əlaqədar qurumların nəzarətini bir daha aktuallaşdırır. Bundan əvvəl də orta təhsil müəssisələrində, eləcə də uşaq bağçalarında şagirdlərin müəllimlər tərəfindən fiziki zorakılığa məruz qalması halları baş verib. Olaylar ictimailəşdikdən sonra əlaqədar qurumlar tərəfindən reaksiya da verilib, problemə əncam çəkilməsinə də çalışılıb. Amma görünür, bu tip problemləri köklü həll etmək hələ tam mümkün deyil. Son olay buna misaldır... 

Təbii ki, heç bir valideyn övladını təhsil müəssisəsinə və ya uşaq bağçasına fiziki zorakılığa və ya təhqirə məruz qalmağa göndərmir. Heç bir qanunda və ya kodeksdə də uşağı tərbiyə etməyin metodu kimi ona işgəncə verilməsi göstərilmir. "Nizam-intizamından asılı olmayaraq, uşaqla davranmağın qaydalarında onlara qarşı şiddət qadağandır" deyə müvafiq sənədlərdə qeyd olunur. 

"Uşaq bağçasında baş verən son olayla bağlı yayımlanan videolarda müəllimin azyaşlı ilə elə davranmasının səbəbi nədir: Kadrların peşəkarlığının çatışmaması? Nəzarətin zəifliyi?" - hazırda sosial şəbəkələrdə valideynlər də, media işçiləri də bu suallara cavab axtarırlar. 

Professor Şahlar Əsgərov "uşağı nə bağçada, nə də məktəbdə vurmazlar" deyə narazılığını bildirir: "Cəmiyyətimizdə zorakılıq yolverilməzdir. Bağçadakı uşaq da cəmiyyətin bir parçasıdır. Keçən il də orta məktəbdə belə bir hadisə olmuşdu: müəllim bir uşağı cəzalandırmışdı. Uşağa fiziki təzyiq göstərən müəllim pedaqoji təlim görməmiş adamdır. Uşağı onun mənafeyi xətrinə cəzalandırmaq olar, amma heç bir halda müəllimin uşağa fiziki təzyiq göstərməyə ixtiyarı yoxdur".    Ölçü götürülməlidir   Hüquqşünas Ceyhun Cəfərli də bağçada və ya məktəbdə uşaqlarla belə davranmağın əleyhinədir. Xüsusilə məktəbəqədər yaşda olan uşaqlarla: "Bu, qanunvericiliyin tələbinə də, təhsil metodikasına da ziddir. Hesab edirəm ki, bu metoda əl atan tərbiyəçi cəzalanmalıdır. Əgər bu zaman uşaqlar xəsarət alıblarsa, hər hansı formada bunu da hüquq-mühafizə orqanları araşdırmalı, müvafiq tibbi ekspertiza keçirilməlidir. Xəsarətin dərəcəsi müəyyən olunmalı və uşağa dəyən zərərə uyğun olaraq addımlar atılmalıdır. Zorakılığı tərbiyə metodu kimi bizim qanunvericilik qəbul etmir. İstər məktəbli yaşda, istər məktəbəqədər yaşda olan uşaqla bu cür davranış yolverilməzdir".