Çirkli qrantlarla “qidalanan” “Media klubu”...


Digərləri 13 İyn 2018 19:02:58 224 0

Çirkli qrantlarla “qidalanan” “Media klubu”...

Son.az "İki sahil" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadənin yazısını təqdim edir:

XX əsrin ortalarından sonra Qərbin "müstəmləkəçilik siyasətində" yeni "işartılar" meydana gəldi. Artıq "qanlı müharibələr" dövrü sona çatmışdı. Sözsüz ki, metod dəyişsə də, mahiyyət elə eyni olaraq qalırdı. Kiçik dövlətləri təsir altında saxlamaq, öz maraqlarını diqtə etmək və yönləndirmək yenə də əsas hədəf olaraq qalırdı. Bu zaman isə yeni "vasitələrdən" istifadə etmək, "müstəmləkəçilik siyasətinə" humanizm donu geyindirmək lazim idi. Artıq Qərbdə "demokratiya", "insan hüquq və azadlıqları", "ədalət meyarları" və s. buna bənzər adı var, özü yox olan anlayışlar meydana gəlməyə başladı. Dey-ure müstəqil, de-fakto isə Qərbin təsiri altına düşən ölkələrin sayı artmaqda idi. Bununla yanaşı, dünyaya hökmranlıq etmək istəyən "demokratiya carçıları" birbaşa deyil, müxtəlif qeyri-hökumət təşkilatları, fondlar və s. qurumlar vasitəsilə öz qaranlıq niyyətlərini həyata keçirməyə başladılar. Qərbin işğalçı siyasətinə dirəniş göstərməyə çalışan ölkələrə isə zaman-zaman beynəlxalq QHT-ləri əli ilə "demokratiya", "insan hüquq və azadlıqları" pərdəsi altında təzyiq edilirdi. Qeyd etdiyimiz bəzi fondlar bu ölkələrdə formalaşdırılan "beşinci kolon"u çirkli qrantlarla qidalandıraraq qarışıqlıq salmağa, öz qaranlıq niyyətlərini həyata keçirməyə cəhd edirdilər.  Corc Sorosun "xeyriyyəçilik" missiyası əsasında 1979-cu ildə təsis edilmiş Açıq Cəmiyyət İnstitutu artıq illərdir ki, "beşinci kolon"un əsas maliyyə "mənbələrindən" biri rolunda çıxış edir. Təəssüf ki, bu siyasət bu gün də davam edir.

Bu il 100 illik demokratik dövlətçilik tarixini qeyd edən, dünya miqyasında böyük nüfuz sahibi olan, müstəqil siyasət yürüdən Azərbaycana, onun uğurlarına Qərbin bəzi ermənipərəst dairələri, eyni zamanda Soros fondu qısqanclıqla yanaşır. Ölkəmizdə formalaşdırdıqları "beşinci kolon"a mütəmadi olaraq maliyyə yardımları ayıran bu "qüvvələr" zaman-zaman qarışıqlıq salmağa, öz "niyyətlərini" həyata keçirməyə çalışıblar. Ancaq öz istəklərinə nail ola bilməyiblər. Bu kontekstdən çıxış edərək diqqəti bir sıra məsələlərə yönəltmək istəyirəm.   

Bu günlərdə yeni yaradılan "Media klubu" adlanan "ictimai qurum" guya ölkədə internet mediasının problemlərini müzakirə edib. Əvvəlcə qeyd edim ki, qurumun  məqsədi guya müstəqil, sağlam media məkanının yaradılması, KİV-in təhqir və yalan sisteminə çevrilməsi cəhdlərinin qarşısını almaq istiqamətində hansısa "səylərin" birləşdirilməsidir. Çox gözəl, hətta əla təşəbbüs kimi görünür. Lakin burada bir əmma var... "Media klubu"nda təmsil olunanlara diqqət yetirdikdə bu niyyətin nə dərəcədə səmimi və dürüst olması insanda böyük şübhələr yaradır və suallar doğurur. Arif Əliyev, Mehman Əliyev, Rövşən Hacıbəyli, Əvəz Zeynallı, Elmdar Əliyev və başqaları hansı sağlam media məkanından danışa bilərlər? Onların buna nə dərəcədə mənəvi haqqları çatır? Hesab edirəm ki, bu şəxslərin bir araya toplaşıb hansısa yaxşı niyyət və əməl sahibi olacaqlarını düşünmək yersizdir. Çox güman ki, yenə milli, dövlətçilik maraqlarımıza zərbə vurmaq, ermənipərəst dairələrin verdikləri "sifarişlər" əsas müzakirə mövzusu olub.  

Götürək Mehman Əliyevi. Ölkədə "media komissarı" olmaq iddiasına düşən  Mehman Əliyevi "qrant dəllalı" adlandırsaq daha yaxşı olar. Yazının əvvəlində Qərbin bəzi fondlarının, o cümlədən Soros fondunun əsas məqsəd və məramları ilə bağlı kiçik bir xatırlatma etdim. Hər kəs də Sorosun hansı məqsədlərə xidmət etdiyini yaxşı bilir. İndi siz deyin, Soros fondunun yerli bürosunun rəhbəri olan Mehman Əliyev hansı milli maraqlardan, sağlam media məkanından danışa bilər?  Bu şəxs özü qeyd edib ki, 2000-2010-cu illərdə ölkə mediasına 150 milyondan çox qrant ayırılıb. "Sorosun" qrantlarını bölüşdürən Mehman Əliyev təbii ki, vəsaitin çox hissəsini mənimsəyib, qalanını isə özü kimi əyri əqidəli insanlara paylayıb. İndi Mehman Əliyevə sual versək, 150 milyonun hesabını verə bilərmi? Görəsən hara xərclənib bu pullar? Varlığı ilə yoxluğu bilinməyən "Turan" agentliyinə, ya şəxsi məqsədlərə? Bəlkə Sorosun çirkli planlarının həyata keçirilməsinə?  Hər halda Mehman Əliyev nə xərclənən pulları tapa biləcək, nə də bu suala cavabı. 

Hələ sizə nədən deyim, nədən danışım... "Milli maraqların müdafiəçisi" olan Mehman Əliyev bir vaxtlar Rusiya Prezidentinə məktub yazmışdı ki, prezident seçkilərində Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması üçün Azərbaycana təzyiq göstərilsin. O, Rüstəm İbrahimbəyov ki, "Qafqaz üçlüyü" filmi ilə əsl "simasını" bir daha nümayiş etdirdi. Milli maraqları satan İbrahimbəyov bu günlərdə ölkə ictimaiyyətinin şiddətli qınağına tuş gəldi. Satqın, xain "kinoçu" xalqımızı qaniçən, erməniləri isə məzlum kimi qələmə verməyə çalışıb. İndi görün Mehman Əliyev kimi müdafiə edib: içində ermənilərə sevgi bəsləyən, xalq düşməni İbrahimbəyovu. Artıq bu fakt hər şeydən xəbər verir. Mehman Əliyevin də antimilli dairələrin əlində bir "vasitəyə" çevrildiyi artıq heç kəsdə şübhə doğurmur. Satqın İbrahimbəyovu müdafiə edən də elə onunla eyni "düşüncədə", "əqidədə" olan biridir. Mehman Əliyev son günlər sadaladığımız qaranlıq əməllərinin üstünü örtmək üçün ağzına gələni danışır. Ancaq çabaladıqca daha dərinə batır...