Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxsin vəkili məhkəmədən vaxt istəyib


Sosial 13 İyn 2018 17:29:00 268 0

Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxsin vəkili məhkəmədən vaxt istəyib

Proses avqustun 29-dək təxirə salınıb

Ali Məhkəmədə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Samir Mustafayev barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə S.Mustafayevin müdafiəsinə yeni vəkil - Bəxtiyar Hacıyevin qoşulduğu elan olunub.

Vəkil cinayət materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmədə zərərçəkmiş tərəf - mərhum jurnalistin anası Teyfurə Əliyeva və vəkili də iştirak etməyib.

Proses avqustun 29-dək təxirə salınıb.

Xatırladaq ki, S.Mustafayev daha əvvəl kassasiya şikayəti versə də, sonradan ərizəsini geri götürmüşdü.

Qeyd edək ki, Bakı şəhər sakini, "Ann.tv"nin əməkdaşı Rasim Məmmədəli oğlu Əliyev 2015-ci il avqustun 8-də Bakı şəhərinin Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

2015-ci il dekabrın 22-də Bakı şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə E.İsmayılov 13 il, A.Əliyev 12 il 6 ay, C.Məmmədov 11 il, S.Mustafayev və K.Mədətov 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib. Daha sonra S.Mustafayev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Xatırladaq ki, cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1-ci (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb. "Qəbələ"nin futbolçusunun işinə Səbail Rayon Məhkəməsində baxılıb və o, 4 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan C.Hüseynov apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin edib və C.Hüseynovun cəzası 1 il 2 aya endirilib. Həmin müddət bitdiyindən, C.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.