Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib


Digərləri 13 İyn 2018 17:18:00 386 0

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Son.az xəbər verir ki, İdarədən Trend-ə verilən məlumata görə, təbrikdə deyilir:

"Bismillahir-rəhmanir-rəhim! Əziz həmvətənlərimiz, müsəlman qardaş və bacılarım!

Dünya müsəlmanlarının əziz günü -- Mübarək Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcəb olmasını diləyirəm.

Əzəmət və sevinci hədsiz olan bu ülvi bayram insanlara böyük səadət və fəxarət bəxş edir. Həmd-səna olsun Uca Allaha ki, Onun Rizasını qazanmaq üçün müsəlman qardaş və bacılarımız bu mübarək ay boyunca bütün ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazani-Şərifin bayram səadətinə qovuşmağa nail olmuşlar. Islam dininə ehtiramımı nümayiş etdirmiş, Allahın vacib hökmü olan oruc ibadətini səmimi hisslərlə başa vurmuş xalqımıza bu mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun, inşallah!

Savab, mərhəmət ayı olan Ramazan bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq, yardımlaşmanı təlqin edir. Bu ülvi bayram günündə qohum-əqrəba, valideynlərə baş çəkilməsi, küsülülərin barışması, yetim, kimsəsiz və ehtiyacı olanlara şəfqət göstərilməsi, dünyasını dəyişmiş yaxınların qəbirlərinin, xüsusilə şəhid ailələrinin ziyarəti müstəhəb əməllərdəndir.