İqor Okayev: Biz yaxın illərdə biznesimizin inkişafı üçün ciddi potensial görürük


Digərləri 13 İyn 2018 16:58:22 277 0

İqor Okayev: Biz yaxın illərdə biznesimizin inkişafı üçün ciddi potensial görürük

Banklar böhran dövrünü arxada qoydu və bazar tədricən stabilləşir.

Bakı. Bu gün biznes sektorunda vəziyyət necədir? Biznes sahibləri niyə Unibankı seçməlidirlər? Yaxın illərdə bankın biznes müştərilərini hansı yeniliklər gözləyir? Bu sualları “Unibank” KB ASC-nin İdarə heyəti sədrinin korporativ bank xidmətləri üzrə müavini İqor Okayev cavablandırıb. - Banklar böhran dövrünü arxada qoydu və bazar tədricən stabilləşir. Siz banklar və eləcə də biznes üçün hazırda bazardakı ümumi vəziyyəti necə qiymətləndirirsiniz? İndiki vaxtda qarşınızda hansı məqsəd və tapşırıqlar var? - Əlbəttə, bank üçün çətin günlər artıq geridə qalıb. 2017-ci ildə Avropa Yenidənqurma və İnkişaf Bankının da simasında xarici səhmdarlarımızın dəstəyi sayəsində, biz kapitalımızı əhəmiyyətli dərəcədə artırdıq. Səhmdarların bu dəstəyi bir daha Unibanka inamın, etibarın yüksək səviyyədə olmasının göstəricisidir, bununla yanaşı bank ciddi struktur dəyişikliyi həyata keçirib, bir çox yeni layihələr reallaşdıraraq, 2017-ci ili müsbət nəticələr və mənfəətlə tamamladı və yeni mərhələyə - bankın bütün istiqamətlərdə aktiv şəkildə inkişafını hədəfləyən yeni, üç illik strategiyasını reallaşdırmaq mərhələsinə qədəm qoydu. Bankın yeni strategiyasında korporativ istiqamətin əsas məqsədi – kiçik və orta biznesin kreditləşməsində mövqelərin möhkəmləndirilməsi, biznes əməliyyatlarının həcmini artırmaq və rəqəmsal xidmət kanallarını inkişaf etdirməkdir. Unibank fəaliyyət göstərdiyi 25 il ərzində həm korporativ, həm də kiçik və orta biznesin kreditləşdirilməsi sahəsində bazarın liderlərdən biri olmaq ənənəsini qoruyub saxlayır. Bankın korporativ komandasının qarşısında yaxın bir neçə il ərzində bu istiqamətdə bazar payının artırılması ilə bağlı iddialı hədəflər dayanır. İqtisadiyyatda böhranla əlaqədar olaraq, 2015-2016-cı illərdə bankın korporativ komandası cari müştəri bazasına fokuslanaraq, kreditlərin restrukturizasiyası ilə məşğul oldu, borcalanlarla görüşərək bütün məsələlərin, ortaya çıxan problemlərin konstruktiv həlli istiqamətində çalışdı. Lakin iqtisadiyyatda mənfi tendensiyaların azalması, milli valyuta məzənnəsinin stabilləşməsi, balanslaşdırılmış dövlət büdcəsinin qəbulu, iqtisadiyyatın qeyri-neft sektorunun tədricən artımı, böyük neft-qaz layihələrinin reallaşması, 2017-2020-ci illəri əhatə edən infrastruktur və loqistika layihələri, biznes mühitinin inkişafı istiqamətində ölkədə müxtəlif sahələrdə keçirilən islahatlar, makroiqtisadi sahədə gələcək inkişaf göstəriciləri sayəsində, yaxın illərdə biznesin inkişafı ilə bağlı ciddi potensialın olduğunu görürük. Təbii ki, biznesin inkişafı istiqamətində görülməli olan bir sıra tədbirlər, islahatlar da var. Kiçik və orta biznesin vergi yükünü azaltmaq, sadələşdirilmiş vergilər üçün limitləri artırmaq, idxalçılara ƏDV-nin azaldılması və s. mümkündür. Hökumət tərəfindən vergi yükünün azaldılması artıq elan edilib və bunun icrası özəl biznesə dəstək olacaq. Müxtəlif dövlət qurumlarında sahibkarlar üçün hələ də qalan kiçik bürokratik maneələrin daha da azaldılması isə davam edən islahatların tərkib hissəsi kimi vacib əhəmiyyət daşıyar. İqtisadiyyatın real sektoru ilə məşğul olan sahibkarlar üçün güzəştli kreditləşmə prosesini aktivləşdirmək lazımdır. Bu istiqamətdə çox işlər görülür, bu yaxınlarda hətta kreditlərin təminatçısı kimi çıxış edən İpoteka və Kredit Zəmanət Fondu fondu yaradıldı. Bu fond, qeyri-neft sektorunun inkişafına yönəldilmiş kreditlərin təminatçısı kimi çıxış edəcək və bu kreditlər üzrə faiz dərəcəsi üçün subsidiyalar təqdim edəcək. Xarici təcrübə göstərir ki, bu fondlar ölkədə özəl sektorun inkişafına ciddi təkan verə bilər. - Müştəriləriniz daha çox biznesin hansı sahələrini əhatə edir? - Korporativ seqmentdə bizim müxtəlif sektorlarda - istehsal, ticarət, kənd təsərrüfatı, logistika kimi sahələrdə fəaliyyət göstərən müştərilərlə əməkdaşlığımız formalaşıb və yeni layihələrdə də müştərilərimizə dəstəyimizi davam etdirməyi düşünürük. Biz turizm sahəsində böyük potensial görürük, turistlərin sayı artır, bu da təbii ki, müvafiq olaraq bu sahədə öz biznesini qurmuş kiçik və orta sahibkarların gəlirlərini artıracaq. İdxal məhsullarının yerli istehsalla əvəzlənməsi prosesi daha çox orta və uzun müddətli perspektiv olduğundan və burda qısa müddətdə effekt gözləməyə ehtiyac yoxdur deyə, idxalçılar da bizim potensial maraq dairəmizdə qalırlar. Həmçinin, son qlobal meylləri nəzərə alaraq, növbəti bir neçə il ərzində biz rəqəmsal bankçılıq sahəsində bir çox layihələri reallaşdırmağı planlaşdırırıq, bura daxili proseslərin avtomatlaşdırılması, mobil və internet platformaların inkişafı, onlayn və çoxkanallı satışı artırmaq planları daxildir. Əsas vəzifələrimizdən biri onlayn seqmentdə iştirakımızı genişləndirməkdir. - 2018-ci ilin ilk 3 ayının nəticələrinə əsasən, bank rübü 5 milyon manata yaxın mənfəətlə başa vurdu. Korporativ bölümlə bağlı daha hansı pozitiv məqamları xüsusi vurğulamaq istərdiniz? - Kreditləşmədə biz müsbət tendensiyalar görürük, verilmiş kreditlərin sayı və kredit portfeli 2017-ci ilin ikinci yarısından bəri və 2018-ci ilin əvvəlindən davamlı olaraq artır. Bu, həm bazarda ümumi pozitiv tendensiyaların, həm də bankın strukturunda və proseslərində əhəmiyyətli dəyişikliklərin nəticəsidir ki, bizə bankda kiçik və orta biznesin kreditləşməsi proqramına yenidən başlamağa imkan yaratdı. Kredit şərtlərini yaxşılaşdırmaq, məhsul xəttinin genişləndirilməsi, onlayn satışın inkişafı, bütün sahələrdə qərarların daha sürətli qəbulu öz müsbət nəticələrini göstərdi. Əgər bu inkişafı rəqəmlərlə ifadə etsək, biznes kreditlərinin verilməsi 2018-ci ilin birinci rübündə 2017-ci ilin eyni dövrünü 5 dəfə üstələyib. Vacib bir məqamı qeyd etmək istərdim ki, verilən kreditlərin 50% -dən çoxu yeni müştərilərə ayrılıb. Öz biznes əməliyyatlarını Unibankla həyata keçirən korporativ müştərilərin də sayı stabil olaraq artır. 2018-ci ilin 1-ci rübünün sonunadək bu rəqəm 15 000 müştərini keçibTəkcə 2017-ci ilin ikinci yarısında Unibankda əmək haqqı kartı sahibləri 35%-dən çox artıb. Buna da təbii ki, son illərdə “kölgə iqtisadiyyatı”nın aradan qaldırılması istiqamətində görülən işlər öz təsirini göstərib. Bir məsələni də xüsusi ilə qeyd etmək lazımdır ki, sahibkarların maliyyə savadlılığı artır, nəticədə onlar banklarla əməkdaşlığa və şirkətlərinin kredit tarixçəsinə daha diqqətli yanaşırlar. Bütün bunlar sözsüz həmin şirkətin müsbət imicinin formalaşmasına səbəb olur ki, belə şirkətlər üçün də bankların təklif etdiyi kredit faizi, bazardakı rəqəmlərdən daha sərfəli olur. Banka inamın daha da artması və xidmət keyfiyyətinin bir qədər də yüksəlməsini, korporativ müştərilərimizinhesab qalıqlarının sürətlə artmasından da müşahidə etmək olar. - Unibank korporativ sahədə “Rəqəmsal biznes” adlı yeni strategiyanın reallaşdırılmasına başlayıb. Bu strategiyanın əsas məqsədləri nədir?