“Bu xəbəri hamı ağlaşma ilə qarşıladı”


Şou-biznes 13 İyn 2018 14:39:00 197 0

“Bu xəbəri hamı ağlaşma ilə qarşıladı”

ARB Ulduz-un "Şou məkan" verilişinin qonağı olan əməkdar artist Könül Kərimova maraqlı açıqlamalar verib.

Ötən ay "Əməkdar artist" fəxri adına layiq görülən Könül Kərimova, bu adı çoxdan gözlədiyini və onun üçün kifayət qədər dəyərli olduğunu etiraf edib: "Uzun illərdir ki, gözləyirdim. Qismət bu günə imiş. Hərdən özümə deyirəm ki, elə ona görə bu ad mənim üçün bu qədər şirinləşdi, dəyəri artdı. Bir şeyi ki illərlə gözləyirsən, bax, o, sənə bir o qədər dəyərli, əziz olur. İllərdir, çəkdiyin əziyyətin bəhrəsini gördükdən sonra, onu necə adi qarşılamaq olar? İnanın, deyirdim ki, sevincdən adamın ürəyi partlayar. Bu ad mənə hər şeydən əzizdir. "Əməkdar artist" adı mənə ən böyük titullardan əzizdir". İlk dəfə həmkarı Nüşabə Ələsgərlinin təbrikini eşidən Könül xanım özəl duyğular yaşamadan öncə, kifayət qədər qorxu və həyəcan keçirib: "Günorta idi. Telefon səssizdə idi. Ancaq hiss edirdim ki, zəng gəlir. Telefona baxdım. Sözün düzü, bir az qorxdum, narahat oldum. Bu qədər insan ardı-arası kəsilmədən mənə zəng edib. Zəng edənlərin siyahısına baxdım ki, qoy, görüm birinci kim zəng edib. Baxdım ki, Nüşabə Ələsgərli. Fikirləşdim Nüşabə mənə pis xəbər deməz. Ona zəng vurdum. Çox yüksək tonla, qışqıra-qışqıra təbrik etdi. Xəbəri eşidəndə donub qalmışdım". Ailə üzvlərinin, qohum-əqrəbanın reaksiyasından da söz açan müğənni bunları deyib: "Baxıram ki, özümüzünkülərdən heç kəs yoxdur. Nə anam, nə bacım, nə qardaşım, nə oğlum, nə qızım.. Deyirəm, ay Allah, bunlar hardadır görəsən? Ona görə ağlım yüz yerə getdi. İraq olsun, bəlkə, nəsə hadisə var, mənim xəbərim yoxdur. Niyə yatırlar, xəbərləri yoxdur. Ağlaya-ağlaya qardaşımı yığdım. Bilirdim ki, o, məndən də çox gözləyirdi bu xəbəri. O uşağı da orada qorxutdum. Qışqırdı ki, nə olub? Dedim, mənə ad veriblər. Anam da rayonda. Hamı ağlaşır. Bu xəbəri gülə-gülə qarşılayan yoxdur da, hamı ağlayır". O, bir neçə gün içində nələr dəyişdiyi barədə bunları bildirdi: "O ada layiq hərəkət etmək istəyirəm. Hətta dəvət edir efirlər, pis çıxmasın deyirəm getdiyim yerə diqqət edim. Hardayam, nə ifa edəcəm, bunları götür-qoy edirəm. Yəni mənə beş qat məsuliyyət gəlib bu ada görə". Əməkdar artist artıq bundan sonra əvvəlkindən qat-qat artıq məsuliyyətlə sənətinə dördəlli sarılaraq, sevənlərinə yeniliklər təqdim edəcək: "Elə bilirəm ki, hər şey yenidən başlayır. Studiyada mahnılar yazdırırdıq. Xəbər çıxdı ləngidi. Deyirəm eybi yox oxuyarıq. Yaradıcılığımda dəyişikliklər olacaq. Oğlum da ifa etməyə başlayır. Qardaşımın qızı deyərdim ki, fitri istedaddır. Ansamblımızı genişləndirəcəyik. İşlərimiz çoxdur". Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.


Xəbərə aid foto