Azərbaycan yenə tarix yazır –


Digərləri 13 İyn 2018 12:49:09 329 0

Azərbaycan yenə tarix yazır –

"TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının növbəti təzahürüdür. TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub".

Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasimjə çıxışında Azərbaycan Prezidenti İlham Əliyev belə deyib.

Onun sözlərinə görə, bu, birgə həyata keçirdiyimiz birinci layihə deyil. Biz bundan əvvəl - 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılışını qeyd etdik: "2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılışını birlikdə etdik. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını birlikdə etdik. Bütün bu açılış mərasimlərində əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə iştirak etmişik. Bu gün bu tarixi gündə də biz birlikdəyik. Bu, onu göstərir ki, bizim təşəbbüsümüzlə irəli sürülən istənilən layihə həyatda öz əksini tapır. Çünki bunun arxasında düşünülmüş siyasət, güclü iradə və bizim qardaşlığımız dayanır".

Azərbaycan qazının Avropa qitəsinə böyük həcmdə ötürülməsi haqqında son illər ərzində bir çox müzakirələr aparılıb və bir çox tədbirlər keçirilib. Ancaq əfsuslar olsun ki, onların heç bir nəticəsi olmadı. Belə olan halda Türkiyə və Azərbaycan qərara gəldilər ki, özümüz yeni bir layihə irəli sürək və bunun adını da biz birlikdə qoyduq - TANAP.

Bu gün TANAP-ın istismara verilməsi qonşu və dost ölkələr üçün gözəl imkanlar yaradır. TANAP yeddi ölkəni, bir çox şirkətləri birləşdirir. Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan TANAP bu gün və gələcəkdə enerji təhlükəsizliyi məsələlərinin həlli üçün əvəzolunmaz infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi iki həftə bundan öncə - mayın 29-da Bakıda təşkil edilib. Cənub Qaz Dəhlizi dörd böyük layihədən ibarətdir. "Şahdəniz-2" qaz yatağının işlənilməsi, - o yatağın ehtiyatları 1,2 trilyon kubmetrdir, - Cənubi Qafqaz Kəməri, TANAP və TAP layihəsi. Bu dörd layihənin üçü artıq reallaşıb, başa çatıb. TAP da 72 faiz icra olunub.

Yaxın iki il ərzində TAP layihəsi də tamamlanacaq və beləliklə, Avropanın 40 milyard dollar sərmayə tələb edən ən böyük infrastruktur layihəsi olan "Cənub Qaz Dəhlizi" icra edilmiş olacaq. Bu tarixi nailiyyət imkan verəcək ki, Azərbaycanın zəngin qaz ehtiyatları Türkiyə və Avropa bazarlarına qısa və təhlükəsiz yolla, şaxələndirilmiş formada çatdırılsın.

"Cənub Qaz Dəhlizi" enerji təhlükəsizliyi layihəsidir. Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır - enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaq. "Cənub Qaz Dəhlizi" həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir.

Azərbaycanın dövlət başçısı Əskişəhərdə dünyaya da səsləndi: "Bir daha demək istəyirəm ki, bu gün tarixi bir gündür. Bu günün mümkünlüyü ancaq və ancaq güclü siyasi iradə nəticəsində olmuşdur. Türkiyə-Azərbaycan birliyi, qardaşlığı olmasaydı, bu layihə kağız üzərində qala bilərdi. Əlbəttə, bir daha demək istəyirəm, Türkiyənin xarici sərmayə üçün çox gözəl ölkə kimi özünü təqdim etməsi imkan verdi ki, Türkiyəyə böyük yatırımlar qoyulsun. Son illər ərzində təkcə Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 13 milyard dollardan çox sərmayə qoyulubdur, növbəti illərdə bu rəqəm 20 milyard dollara çatacaq".

TANAP rəqəmləri

1805 km uzunluğu olan boru kəməri Türkiyə ərazisindən keçir;

Boru kəmərinin diametri 56 və 48 düym, dənizdə isə (Mərmərə Dənizi boyunca) diametr 36 düym təşkil edir;

Boru kəmərinin dəniz səviyyəsindən olan maksimum hündürlüyü 2,700 m yüksəklikdə yerləşir;

TANAP boru kəmərindən Türkiyə qaz paylama sisteminə iki qol ayrılmışdır;

TANAP boru kəmərinin illik maksimum ötürücülük qabiliyyəti 31 milyard kubmetrə hesablanıb və layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək;

TANAP Türkiyənin 20 vilayətindən - Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşxanə, Girəsun, Sivas, Yozqat, Kırşəhər, Kırıkkale, Ankara, Əskişəhər, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Təkirdağ və Ədirnədən keçir;

TANAP boru kəmərinin obyektlərinə aşağıdakılar daxildir:

7 əsas kompressor Stansiyası (KS) və Əskişəhərə ayrılan qol üçün nəzərdə tutulmuş bir kompressor stansiya;

12 təmizləyici tərtibatın buraxılma Kamerası (TTBK);


Xəbərə aid fotolar