"Azərxalça" daha bir qədim xalçanı aşkara çıxarıb (FOTO)


Digərləri 13 İyn 2018 12:37:26 306 0

"Azərxalça" daha bir qədim xalçanı aşkara çıxarıb (FOTO)

148 yaşlı Naxçıvan xalçası nadir nümunədir

Bakı. “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti dünyanın nüfuzlu muzeylərində, şəxsi kolleksiyalarda, eləcə də ölkəmizdə şəxsi kolleksiyalarda saxlanılan qədim və nadir Azərbaycan xalçalarını aşkara çıxarıb ictimaiyyətə təqdim edir. ACS-dən Trend-ə verilən məlumata görə, aşkarlanan qədim və orijinal nümunələrdən biri də Naxçıvan diyarının Şahbuz bölgəsinin Biçənək kəndində 1870-ci ildə toxunmuş xovsuz xalçadır. Xalça Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki bir xalça kolleksiyaçısından alınaraq ölkəmizə gətirilib. Xalçanın Cənubi Afrika Respublikasından əldə edilməsi xalçalarımızın tarixən yayıldığı arealın nə qədər geniş olduğunu göstərir. Bu növ xovsuz xalçalara xalq arasında “şəddə”, “sərəndaz” da deyilir. Xalça üzərində əks olunmuş naxışlar, simvollar, türk tayfalarına məxsus damğalar qədim zamanlardan bu torpaqlarda yaşamış insanların dünyagörüşünü, təbiətə münasibətini, həyat tərzini, adət-ənənəsini dəqiq ifadə edir. Əsas bəzək elementi olaraq Naxçıvan qrupu Azərbaycan xalçalarını səciyyələndirən dəvə karvanının seçilməsi də xalçanın orijinal bədii göstəricilərindən biridir.