"AtraBank”ın sabiq sədrinin məhkəmə istintaqı tamamlanıb


Sosial 13 İyn 2018 11:58:18 233 0

"AtraBank”ın sabiq sədrinin məhkəmə istintaqı tamamlanıb

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AtraBank”ın İdarə Heyətinin sabiq sədri Elmixan Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə əlavə şahid qismində Ziya Məmmədov ifadə verib.

O bildirib ki, 2013-cü ildə təqsirləndirilən E.Nəbiyevə bankın ofisi üçün daşınmaz əmlak satıb: "Həmin evi satandan sonra Vergilər Nazirliyindən zəng etdilər ki, vergi ödəməliyəm. Mən də həmin məbləğin 20 faizi olmaqla, 485 min 412 manat vergi ödədim. Həmin pulun yarısını isə Elmixan müəllim ödədi".

E.Nəbiyev şahidin dediklərini təsdiqləyib: "Mən də 200 min manatı Mişadan alıb vergi ödəmişəm".

Məhkəmədə məlum olub ki, E.Nəbiyev həmin daşınmaz əmlakı 10 milyon 500 min manata alıb.

Daha sonra məhkəmə istintaqı tamamlanıb.

Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, “AtraBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri olmuş Nəbiyev Elmixan Nəbi oğlunun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.İstintaq zamanı E.Nəbiyevin “AtraBank” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləyərkən bank sahəsində qüvvədə olan qanunvericiliyin şərtlərini pozmaqla, bankın lisenziyasının ləğv olunmasının qarşısını almaq üçün özünün iştirakı ilə yaradılmış və yaxın münasibətlərdə olduğu ayrı-ayrı şəxslərin adlarına rəsmiləşdirilmiş formal, heç bir fəaliyyəti olmayan özəl müəssisələri təşkil etmək yolu ilə faktiki mövcud olmayan maliyyə vəsaitləri üzrə onların adlarına ümumilikdə 8 milyon 405 min manat məbləğində qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasına, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasına əsaslı şübhələr müəyyən edilib.E.Nəbiyevin qeyd edilən qanunsuz hərəkətlərlə külli miqdarda özgə əmlakını mənimsəməsinə və ləğvetmədə olan “AtraBank” ASC-nin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən dövlətin bank sisteminin dayanlıqlığının və maliyyə sabitliyinin daha da gücləndirilməsi sahəsində qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda tərədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan olunur.

Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.