“Bakı Ali Neft Məktəbi uğurlarımın təməlini qoydu”


Digərləri 13 İyn 2018 11:24:00 294 0

“Bakı Ali Neft Məktəbi uğurlarımın təməlini qoydu”

ABŞ-ın Luiziana Universitetinə böyük təqaüd almış tələbə

5 il bundan öncə 667 balla Bakı Ali Neft Məktəbinin (BANM) "Neft-qaz mühəndisliyi" ixtisasına qəbul olmuş Camal Əhmədov Ali Məktəbi uğurla bitirərək ABŞ-ın Luiziana Universitetinin də eyni adlı ixtisasının magistratura pilləsinə ödənişsiz, həmçinin yüksək təqaüdlə qəbul alıb. 

Son.az Camalla olan müsahibəni təqdim edir: 

-  Camal, bilirik ki, BANM-a daxil olub orada oxuya bilmək bir tələbə üçün böyük uğur sayılır. Siz isə BANM-ı bitirib növbəti uğura imza atırsız - magistratura pilləsi üçün ABŞ-ın Luiziana Universitetinə təqaüd alaraq qəbul olmusuz.  Bu uğurları necə əldə edirsiz?

Mənə görə, uğurun əsas səbəblərindən biri insanın ətrafıdır. Ətrafınızda daima öz üzərində çalışan və hədəflərini yüksək tutan insanlar olduqda, siz də onlardan geri qalmamağa çalışırsınız. Bu baxımdan ailə, məktəb və universitet mühitində əlaqədə olduğum insanlar mənə hər zaman daha yaxşı nəticələr əldə etmək üçün motivasiya mənbəyi olublar. Bundan başqa, düzgün vaxtda düzgün yerdə olmağı bacarmaq, qarşınıza çıxan fürsətləri dəyərləndirmək və dəyərli insanlarla əlaqədə olmaq da vacibdir. Bu nöqteyi nəzərdən BANM mənim uğurlarımın təməlini qoydu deyə bilərəm. Nailiyyətimə görə mən həmçinin ailəmə, Ali Məktəbin rektoru Elmar Qasımova, professor və müəllimlərimə, həmçinin BANM-ın yaxın əməkdaşlıq etdiyi Neft-qaz Mühəndisləri Cəmiyyətinin nəzdində olan Gənc İstedadlar Proqramının rəhbəri Elşən Rzayevə öz təşəkkürümü bildirmək istəyirəm.

- Siz və ailəniz BANM-a daxil olanda, yoxsa Luiziana Universitetinə daxil olduğunuzu biləndə daha çox sevinmişdiz?

O dövrdən indiyə kimi bir çox şey dəyişib. İnsanın hədəfləri və gözləntiləri daima dəyişir. Ona görə də, iki fərqli şəxsiyyətin sevinc hissini müqayisə etmək çətindir. Ailəm isə hər zaman hər bir uğurumu böyük sevinclə qarşılayıb.

- ABŞ-da magistraturanı bitirdikdən sonra vətənə qayıdacaqsız, yoxsa həyatınızı və karyeranızı Azərbaycandan kənarda planlayırsız? 

Hal-hazırki məqsədim magistratura pilləsini də BANM-da olduğu kimi uğurla başa vurmaqdır. Yalnız təhsilimi tamamladıqdan sonra, mümkün olan təklifləri dəyərləndirib qərarımı ona görə verəcəm.