Uolt Disneyin ögey anasını tapdığı yerə səyahət


Digərləri 13 İyn 2018 07:28:00 300 0

Uolt Disneyin ögey anasını tapdığı yerə səyahət

Saksoniya-Anhalt federal əyalətində yerləşən Naumburq kilsəsi Zaale və Unstrud çayları vadisində orta əsrlərə aid abidələrin Dünya İrsi Siyahısına daxil edilməsi üçün Almaniyanın təkrar müraciətində əsas obyektdir. 2017-ci ildə UNESCO bu müraciəti geri qaytararaq, konsepsiyanın yenidən işlənməsini təklif edib. Bu iş görüləndən sonra UNESCO-ya təkrar müraciət edilib. Yeni müraciətə UNESCO-nun 2018-ci il iyunun 24-dən iyulun 4-dək Bəhreyndə keçiriləcək komitə iclasında baxılacaq.

Son.az AZƏRTAC-a istinadən Almaniyanın bu heyrətamiz guşəsinə kiçik virtual ekskursiya təklif edir.

Müqəddəs Ptotr və Pavelin adını daşıyan kafedral kilsənin əsası 1029-cu ildə qoyulub. Məbəd XIII əsrdə genişləndirildiyi üçün burada həm qotik, həm də roman üslublarının elementləri öz əksini tapıb.

Məbədin qərbindəki xoralar qotik sakral incəsənətin görkəmli nümunəsi hesab edilir. XIII əsrdə naumburqlu naməlum usta tərəfindən yaradılmış fiqurların təbiiliyi və ifadəliliyi insanı heyran edir. Bu fiqurlar məbədə səxavətlə ianələr etmiş ali silkin 12 nümayəndəsinin, o cümlədən markqrafinya Utanın təsvirləridir.

Deyilənə görə, bir dəfə yazıçı Umberto Ekodan kiminlə bərabər şam yemək istədiyini soruşanda, o, məhz naumburqlu Utanın (1000-1046) adını çəkib. Naumburqlu Uta cazibədarlığı və əlçatmazlığı ilə şöhrət qazanıb. Onun Naumburq kilsəsindəki heykəli orta əsrlər incəsənətində ən parlaq qadın obrazlarından biri sayılır. Uolt Disney "Ağbəniz və yeddi cırtdan" animasiya filmində kraliça-ögey ana personajı üçün məhz bu obrazı əsas götürüb.

Naumburq kilsəsi ilə tanış olduqdan sonra Köhnə şəhəri gəzib dolanmaq lazımdır. Bazar meydanındakı evlər maşınla Leypsiqdən təqribən bir saatlıq məsafədə yerləşən bu şəhərin varlı və firavan həyatından xəbər verir.