Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək


Digərləri 12 İyn 2018 21:38:00 228 0

Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək

Azərbaycan qazının birbaşa Avropa bazarlarına nəqli Türkiyənin geostrateji mövqeyini gücləndirəcək və ölkəni mühüm enerji mərkəzinə çevirəcək.

Son.az Trend-ə istinadən bildirir ki, bunu SOCAR prezidenti və TANAP İdarə Heyətinin sədri Rövnəq Abdullayev Əskişəhər şəhərində keçirilən TANAP layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

R.Abdullayev TANAP-ın Azərbaycan və Türkiyə arasında tarixi dostluq və qardaşlıq əlaqələrini daha da gücləndirdiyini vurğulayıb:

"Türkiyəyə və qardaş ölkənin iqtisadiyyatına həmişə etibar etmişik. Bu gün açılışını həyata keçirdiyimiz TANAP bu güvənin arxasında dayanan dostluq və əməkdaşlığımızın mühüm bir təzahürü kimi fəaliyyətə başlayır. Əminəm ki, TANAP Türkiyə və Azərbaycanın iqtisadi inkişafını daha da sürətləndirəcək və hər iki ölkənin enerji təhlükəsizliyinə böyük töhfə verəcək. Bu münasibətlə Türkiyə və Azərbaycan rəsmilərinə, layihənin inşasında səylə çalışan bütün əməkdaşlarımıza xüsusi təşəkkürümü bildirirəm."

Qeyd edək ki, bu gün açılış olan TANAP layihəsi Cənub Qaz Dəhlizinin ən mühüm halqasıdır. Cənub Qaz Dəhlizinin digər hissələri "Şahdəniz-2" qaz yatağı, Cənubi Qafqaz Boru Kəməri və TAP layihələridir. 1,2 trilyon təbii qaz ehtiyatına malik "Şahdəniz" Azərbaycanın ən iri qaz-kondensat yatağı və Cənub Qaz Dəhlizinin hasilat mənbəyidir. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 km-dir. Gürcüstan sərhədindəki Türkgözü kəndində TANAP-a birləşən boru xəttinin 443 km-i Azərbaycandan, 248 km-i Gürcüstandan keçir. Layihə çərçivəsində Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük gücü ildə 7 milyard kubmetrdən 23 milyard kubmetrə qaldırılıb.

Cənub Qaz Dəhlizinin Avropa hissəsini TAP boru kəməri təşkil edir. 878 km uzunluğa malik bu kəmər Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşir. Boru kəməri Avropada Yunanıstan, Albaniya və Adriatik dənizinin altından keçərək, İtaliyanın cənubunda bitir. 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılan TAP-ın ilkin ötürücülük qabiliyyəti 10 milyard kubmetr olacaqdır. Gələcəkdə əlavə kompressorlar vasitəsilə bu həcmin 20 milyard kubmetrə çatdırılması gözlənilir.