İlqar Kamildən Fazil Mustafaya qardaşyana təpki


Digərləri 12 İyn 2018 18:03:00 262 0

İlqar Kamildən Fazil Mustafaya qardaşyana təpki

Son günlər deputat Fazil Mustafanın sosial şəbəkədə şiələrin Kərbəla şəhidlərinin əzadarlığı ilə bağlı paylaşdığı fikirlər qalmaqallara və sosial gərginliyə səbəb olub. Bununla bağlı gənc şair İlqar Kamil Facebook sosial şəbəkəsindəki profilində F.Mustafaya ünvanlanmış "Günəş belə etməzdi - Fazil Mustafaya!" adlı yazı paylaşıb. Son.az İlqar Kamilin həmin yazısını təqdim edir:

"Hörmətli Fazil bəy, neçə gündü məlum olaylarla bağlı sizin açıqlamalarınızı izləyirəm, əziz atalarımız demiş, avazınız yaxşı gəlir, amma oxuduğunuz, çox təəssüf ki, Quran deyil. Barı milli nəsə bir şey oxusaydınız...

Neçə il qabaq tarixçi Altay Göyüşöv demişdi bunu, biz nə mərifətdə, nə savadda, nə ədəbdə, nə ərkanda, nə insafda, nə şücaətdə, nə də azərbaycanlılıqda cümhuriyyət qurucularının tayı deyilik, demişdi, yəni biz o irsi qoruya bilməmişik, demişdi, mən də razılaşmışdım onunla, siz də lütfən razılaşın, bəli, biz o irsə tam sahib çıxa bilməmişik, o boyda işlər görməsinə rəğmən xalqına ömrünün sonunacan yalnız "uca millət" deyə müraciət edən Rəsulzadədən fərqli olaraq, beş dənə kitab oxuyub, ikisini də yazan kimi düşünürük ki, vəssəlam, bu yazıq xalqa nə istəsək, deyə bilərik. Qaşlarımızı çatır, yumruğumuzu düyünləyir, deyirik, söyürük, danlayırıq... bu nə hikkə, qardaşım, adam heç doğma balasıyla bu qədər rahat ola bilmir.

"İşıq qəfil yandı, qaranlığın bağrı yarıldı.

Günəş belə etməzdi".

Sizi kənardan izlədikcə adam az qala bu qənaətə gəlir ki, dərdiniz, iddia etdiyiniz kimi, əzadarlıqlardakı səs-küy, ağlaşma-filan deyil, ifrat aqressiyanız sözünün mustafasını deyə bilməyən qəzəbli bir adamı xatırladır, adama elə gəlir, sizi narahat edən bir başa Aşuranın özüdür, amma sonra deyirsən, yox, əşşi, ola bilməz, Aşura yalnız vicdansız adamı narahat edə bilər, Fazil bəyi niyə narahat etsin ki? Aşura yalnız zalımı qorxuda bilər, Fazil bəy hara, zülm hara? Haqq yalnız batili incidə bilər, Fazil bəy, axı, həqiqət çarçısıdı. Günəş yalnız zülmətin canına xof sala bilər, Fazil bəy, axı, bu xalqın aydınıdı...

İstər şəhid Mübariz İbrahimovdan, istər o böyük şəhidlərin ehtişamlı Aşura hərəkatından dünyanın harasında, kimə danışırsan heyrətdən sayqı şapkası çıxarır, istəsəniz gedin yoxlayın, bir sadə fransıza, bir ispana, bir almana, bir rusa... lap elə Marsda həyat axtaran İlon Maskın özünə danışın bu haqda, görün necə vəcdə gələcək ruhları, necə təsirlənəcək, necə sayqı duyacaqlar...