Mədəniyyət və İncəsənət Universitetində Milli Qurtuluş Günü qeyd edilib (FOTO)


Digərləri 12 İyn 2018 16:43:27 322 0

Mədəniyyət və İncəsənət Universitetində Milli Qurtuluş Günü qeyd edilib (FOTO)

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Şərəf tariximiz” mövzusunda tədbir keçirilib.

Bakı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Şərəf tariximiz” mövzusunda tədbir keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə professor Validə Məmmədova açaraq bildirib ki, ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında siyasi hakimiyyətə qayıtmasaydı, Azərbaycan çox ağır vəziyyətlə üzləşərdi: “1993-cü ilin qanlı iyun hadisələri hamımızın yaxşı yadındadır. 35 nəfərin həlak olduğu, 130 nəfərin yaralandığı hərbi əməliyyatlar Azərbaycanın vətəndaş müharibəsinin astanasında olduğunu göstərirdi. Gəncə hadisələrindən “vəcdə gələnlər” respublikanın bir çox bölgələrində qanun pozuntuları törədir, ölkədə özbaşınalıq, zorakılıq halları, hərc-mərclik baş alıb gedirdi. Ulu öndər öz uzaqgörənliyi və siyasi qətiyyəti ilə 1993-cü ildə ölkəni bu ağır durumdan xilas etdi və həmin ildən başlayaraq respublikanı süquta aparan xətdən inkişafın zirvələrinə doğru yol başlandı. İndi bu siyasi-iqtisadi inkişaf yolunu ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev böyük uğurla davam etdirir”. Milli Məclisin deputatı, professor Jalə Əliyeva 2018-ci ili Azərbaycan tarixində şanlı yubileylər ili kimi xarakterizə etdi: “2018-ci ildə Azərbaycanda çox önəmli hadisələrin yubileyləri qeyd olunur. Bu il həm ulu öndərin, həm akademik Zərifə xanım Əliyevanın 95 illik yubileyləridir. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tarixidir, bu il həm də 1993-cü ildə ölkəmizin xaosdan, süqutdan qurtuluş tarixinin 25 illik yubileyidir. Bütün bu şərəfli tarixi rəqəmlər sadəcə statistika deyil, bu rəqəmlərin arxasında Azərbaycanın çox önəmli tarixi salnaməsi dayanır. 1923-cü ildə Naxçıvanda sadə bir ailədə dünyaya gələn övlad elə həmin yüzillikdə bir xalqın ümid, güvənc yerinə, dahi liderinə çevriləcəkdi, öz ölkəsini və xalqını böyük bir fəlakətdən xilas edəcəkdi. 1993-cü ilin dəhşətli iyun günlərini yaxşı xatırlayırıq. Xaos, hərc-mərclik, iqtisadi tənəzzül, saatlarla çörək növbəsi, bir-birinin ardınca işğal olunan tarixi yurd yerlərimiz ... İndiki kimi yadımdadır; kiçik qızımı bağçadan güllə yağışı altında bağrıma basaraq zorla evə gətirə bilirdim. Çox qorxulu günlər idi. Qardaş qanının axıdılacağı, vətəndaş müharibəsinin olacağı ehtimalı ilə bağlı olan bu qorxu bütün Azərbaycanı bürümüşdü. Həmin çətin günlərdə Azərbaycanın böyük oğlu təyyarə ilə Bakıya gəldi..Ulu öndəri gətirən o təyyarəni obrazlı, poetik şəkildə xilaskar Simurq quşuna bənzədirəm. Ulu öndər Heydər Əliyevin gəlişi ilə bütün xalqımız həmrəy oldu, eyni ideologiya ətrafında birləşdi. Qayıdış, qurtuluş və inkişafı hədəfləyən o böyük gün müasir Azərbaycan tarixinin ən əhəmiyyətli günlərindən birinə çevrildi. Türkiyənin 9-cu prezidenti, ümummilli liderin yaxın dostu Süleyman Dəmirəl xatirələrində qeyd edirdi ki, əziz dostum və qardaşım Heydər Əliyev Naxçıvanda ikən ondan Azərbaycana nə üçün gəldiyini soruşanda o, cavab verdi: “Çünki mən türkəm. Doğulduğum yerdə xalqıma xidmət etmək istədim, başqa yerdə bunu edə bilməzdim”. Bu sözlərdən sonra mən onu daha da çox sevdim. Azərbaycanı belə ürəkdən sevən bir insanı xalqı da ta əbədiyyətə qədər sevəcək”. Süleyman Dəmirəl yanılmırdı. Həqiqətən də ulu öndər öz Vətən sevgisi ilə əbədi ümumxalq məhəbbətini qazandı. Ulu öndər təkcə öz xalqının deyil, bütün türk dünyasının lideridir". YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında ulu öndərin Azərbaycan tarixindəki əvəzolunmaz mövqeyindən söz açdı: “Əgər ulu öndər 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmasaydı, bu gün suveren, qüdrətli Azərbaycanın varlığından söhbət gedə bilməzdi. Ümummilli liderin qayıdışı Azərbaycanı həm daxili, həm də xarici bədxah qüvvələrdən qorudu. Məhz 1993-cü ildən Azərbaycanda iqtisadi inkişafın təməli qoyuldu. Azərbaycanın dövlətçilik tarixində mürəkkəb mərhələlər olub. 1993-cü ilin yayı da belə ağır dönəmlərdən biridir. Biz ulu öndər Heydər Əliyevi müstəqil Azərbaycanın qurucusu adlandıranda tam həqiqəti səsləndiririk. Çünki ölkəmiz 1991-ci ildə müstəqillik əldə etsə də, sonrakı illərdə Azərbaycanın gələcəyi sual altında idi. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu məhz 1993-cü ildən sonra başlanıb.