Prokuror Zirədə gözətçini döyüb bağ evini yandıran şəxsə cəza istəyib


Sosial 12 İyn 2018 16:02:27 286 0

Prokuror Zirədə gözətçini döyüb bağ evini yandıran şəxsə cəza istəyib

Məhkəmənin növbəti iclası 29-na təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Şahlar Novruzov və Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədriliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Şahlar Novruzovun 18, Rövşən Məmmədovun isə 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası 29-na təyin edilib.

Rəsmi məlumata görə, ötən il iyunun 27-də saat 02:00 radələrində Xəzər rayonunun Zirə qəsəbəsi ərazisindəki bağ evlərindən birinə gələn naməlum 2 nəfər orada olan gözətçi İqor Vasinə küt alətlə xəsarət yetiriblər. Mənzildən təmir-tikinti alətləri və bir ədəd DVD Player götürərək hadisə yerindən qaçıblar. İ.Vasin xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Astara rayon sakinləri Rövşən Məmmədov və əvvəllər məhkum olunmuş Şahlar Novruzov tutulublar.

Hər iki şəxs İ.Vasini döyən zaman evdəki elektrik sobası aşıb. Bu səbəbdən cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçandan sonra mənzildə yanğın baş verib.

Xatırladaq ki, İ.Vasin xəstəxanaya yerləşdirildikdən bir müddət sonra evə buraxılmasını tələb edib. Lakin həkimlər onun yaralarının ciddi olduğunu deyib, İ.Vasini evə buraxmayıb. İ.Vasin isə xəstəxananın pəncərəsindən özünü yerə atıb və ölüb.