Daha 4 futbolçu Lissabon klubunu tərk etdi


İdman 12 İyn 2018 13:45:00 290 0

Daha 4 futbolçu Lissabon klubunu tərk etdi

Ötən mövsüm baş verən xoşagəlməz hadisələrin ardından Sporting-də "yarpaq tökülməsi" davam edir. Goal.az xəbər verir ki, qapıçı Rui Patrisio və Daniel Podensedən sonra daha 4 futbolçu müqaviləsini birtərəfli qaydada pozub. Bunlar Vilyam Karvalyo, Jelson Martinş, Bruno Fernandeş və Bas Dostdur. Daha öncə baş məşqçi Jorje Jezuş da Sporting-i tərk etmişdi. Qapıçı Rui Patrisio klubun prezidenti Bruno Di Karvalyonun davranışlarından narazı qalmışdı. Təcrübəli qolkiperin Wolverhampton-a transferi reallaşmaq üzrə olarkən Di Karvalyo əlavə ödəmə tələb etdiyindən danışıqlar pozulmuşdu. Portuqaliyalı funksioner geridə qalan mövsümdən komanda üzvlərinin antipatiyasını qazanmışdı. O, Sporting-in Avroliqada mübarizəni dayandırmasında futbolçuları günahkar görmüşdü. Əvəzində bir neçə oyunçu sosial şəbəkə vasitəısilə Di Karvalyonun açıqlamasını tənqid etmişdi. Apreldə baş verən bu hadisədən sonra klub prezidenti 19 futbolçunu komandadan uzaqlaşdırmaq barədə qərar vermişdi.

Son xoşagəlməz olay isə mayda yaşanmışdı. Çempionlar Liqasında vəsiqə imkanı verən 2-ci yer uğrunda mübarizə aparan Sporting Primerada Maritimo-ya uduzaraq (1:2) Avroliqa zonasına düşmüşdü. Bundan hiddətlənən bir qrup azarkeş klubun məşq bazasına hücum edərək bir neçə futbolçu, o cümlədən baş məşqçi Jorje Jezuşu döymüşdü. Fanatların hücumundan ən çox komandanın bombardiri Bas Dost xəsarət almışdı.