Bu gün TANAPın açılış mərasimi keçiriləcək


Digərləri 12 İyn 2018 09:39:00 254 0

Bu gün TANAPın açılış mərasimi keçiriləcək

https://azertag.az/xeber/Iyunun_12_de_Turkiyede_TANAP_in_achilis_merasimi_kechirilecek-1171629

İyunun 12-də Trans-Anadolu qaz boru kəmərinin (TANAP) açılış mərasimi keçiriləcək. Bu kəmər vasitəsilə Azərbaycan təbii qazı Türkiyəyə, oradan da Avropaya nəql olunacaq.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu münasibətlə Türkiyənin Əskişəhər bölgəsində təntənəli mərasim təşkil ediləcək.

Azərbaycan, Gürcüstan və Türkiyənin iştirakı ilə reallaşdırılan qlobal layihələrdən - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz boru kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolundan sonra TANAP-ın da istifadəyə verilməsi bölgənin taleyini dəyişdirəcək əhəmiyyətli hadisə adlandırılır.

Cənub Qaz Dəhlizinin önəmli bir hissəsini təşkil edən TANAP-ın çəkilməsi ilə bağlı müqavilə 2012-ci ildə imzalanıb. Qaz boru kəmərinin təməli 2015-ci il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin iştirakı ilə qoyulub.

Təməlqoyma mərasimində TANAP-ın əhəmiyyəti barədə danışan Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Bizim bu günə qədər Türkiyə və Gürcüstan ilə bərabər təşəbbüs kimi irəli sürdüyümüz bütün layihələr uğurla nəticələndi - Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum. Bakı-Tbilisi-Qars da uğurla nəticələnir. Ona görə də məndə heç bir şübhə yoxdur ki, Cənub Qaz Dəhlizi və onun önəmli hissəsi olan TANAP da uğurla nəticələnəcək. Bu, şaxələndirmə layihəsidir. Avropaya və Türkiyəyə yeni mənbədən böyük həcmdə əlavə qaz nəql ediləcəkdir. Hazırda Avropa üçün yeganə mövcud olan yeni qaz mənbəyi "Şahdəniz" qazıdır, Azərbaycan qazıdır".

Göründüyü kimi, layihə nəzərdə tutulduğu vaxtda uğurla reallaşdırılıb.