Bakıda ilk dəfə animasiya film festivalı keçiriləcək


Digərləri 11 İyn 2018 21:43:24 320 0

Bakıda ilk dəfə animasiya film festivalı keçiriləcək

Festivalın müşayiətedici proqramına sərgilər, konsertlər, yaradıcılıq gecələri və animasiya kinosu ilə bağlı digər tədbirlər daxil ediləcək.

Bakı. Azərbaycan animasiya sənətinin inkişafına təkan verməyi, peşəkar mütəxəssislərin hazırlanmasına dəstək olmağı hədəfə alan ANİMAFİLM 19-21 oktyabr 2018-ci il tarixlərində həmvətənlərimizi və qonaqları nağıllar aləminə səyahətə dəvət edir. Bu barədə Trend-ə festivalın təsisçisi və direktoru Rəşid Ağamalıyev məlumat verib. Festivalın müşayiətedici proqramına sərgilər, konsertlər, yaradıcılıq gecələri və animasiya kinosu ilə bağlı digər tədbirlər daxil ediləcək. Milli kinomuzun 120 illliyi qeyd edilən bu il Festival tamaşaçılara Azərbaycan animasiyasının inkişaf tarixinə həsr edilmiş “ReAnimasiya” adlı sərgi təqdim edəcək. Artıq festivalda iştirak etmək üçün 22 ölkədən, özünəməxsus kino ənənələri ilə tanınan Fransa, ABŞ, İran, Almaniya, Böyük Britaniya, İtaliya, Kanada, İspaniya, Yaponiya və digərlərindən 84 müraciət daxil olub. Azərbaycanın görkəmli animasiyası mütəxəssisi Elçin Hami Axundov, Gürcüstan Animasiya Birliyinin sədri Ketevan Canelidze, Çexiyadan olan animasiya mütəxəssisi Miroslava Janičatová münsiflər heyətində üzvlüklərini təsdiq ediblər. Ssenarilər üzrə müsabiqədə isə münsiflər heyətinə yazıçı Sevinc Əzimova, İrandan olan rejissor Leyla Novruyi daxil edilib, üçüncü münsif isə tam təsdiqləndikdən sonra ictimaiyyətə açıqlanacaq.