Baş Prokurorluq Saatlıdakı zəhərlənmə ilə bağlı məlumat yayıb


Digərləri 11 İyn 2018 16:47:00 216 0

Baş Prokurorluq Saatlıdakı zəhərlənmə ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Saatlıdakı zəhərlənmə ilə bağlı məlumat yayıb.

Bakı. Baş Prokurorluq Saatlıdakı zəhərlənmə ilə bağlı məlumat yayıb. Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, 10 iyunda saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pampıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakinləri “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı Mərkəzi rayon Xəstəxanasına daxil olmuşdur. Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müvafiq məlumat verilmişdir. Dövlət başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülmüş, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilmişdir. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetriməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülmüş, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edimişdir.