ABŞda universiteti 3 ilə bitirən azərbaycanlı: "Bu fəlakət İrandan qonşu ölkələrə də yayılacaq" FOTO


Digərləri 11 İyn 2018 16:13:00 267 0

ABŞda universiteti 3 ilə bitirən azərbaycanlı: "Bu fəlakət İrandan qonşu ölkələrə də yayılacaq"  FOTO

Son.az Cənubi azərbaycanlıların haqlarını müdafiə etdiyi üçün həbsə və təqibə məruz qalan gənc aktivist, Vaşinqton Universitetini 3 ilə bitirərək "fəxri tələbə" adını qazanan azərbaycanlı Ramin Cabbarlı il müsahibəni təqdim edir:

- Xoş gördük, Ramin bəy. Özünüzü oxucularımıza təqdim edin, zəhmət olmasa.

- 1983-cü ildə Güney Azərbaycanda, Muğan bölgəsinin Parsabad şəhərində doğulmuşam. Elə orada Biznesin İdarə Edilməsi fakültəsində təhsil almışam. Cənubi azərbaycanlıların mədəni haqlarını müdafiə etdiyim üçün qısamüddətli həbslərə məruz qaldım. Təzyiqlərə məruz qaldığım üçün Türkiyəyə mühacirət etməli oldum. Aktivist fəaliyyətlərimdən dolayı şəxsiyyət vəsiqəm və diplomum daxil, bütün sənədlərimi əlimdən aldılar və mən qeyri-qanuni yollarla ölkədən getməli oldum. Üç il yarım Türkiyədə yaşadım. Aktivist fəaliyyətimi də davam etdirdim. Eyni zamanda, naşirlərlə tərcümə sahəsində əməkdaşlıq etdim. Türkiyədə evləndim və 2014-cü ilin sonlarında Amerikaya köçdüm. Bir müddət sonra burada təhsil almağa başladım.

- Valideynlərinizin hər ikisi Cənubi azərbaycanlıdır?

- Bəli. Hazırda da orada yaşayırlar.

- Amerikaya köçəndən sonra təhsil almaq qərarına gəldiniz, yoxsa təhsil üçün oraya üz tutmuşduz?

- Amerikaya BMT-nin köməyi ilə siyasi mühacir kimi gəldim. Gəldikdən 2-3 ay sonra təhsil almağa qərar verdim.

- Türkiyədə də mühacir həyatı yaşamısınız. Həmin günləri necə xatırlayırsınız?

- Türkiyədə siyasi mühacir olmaq asan deyil. Hər hansı işdə işləmək icazəsi yoxdur. Hərəkətlilik məhdudiyyəti mövcuddur. Yəni təkcə bir şəhərdə yaşamaq məcburiyyəti var. Həftənin bəlli günlərində polis idarəsinə gedib imza çəkmək lazımdır. Mən isə qaçaq yolla getmişdim. Çünki sənədlərim İran hökumətinin əlində idi.

- Sizi həbs edərkən nədə günahlandırırdılar?

- İran dövlətinə qarşı təxribat xarakterli fəaliyyətlərdə. Mənim fəaliyyətlərimdən biri isə sadəcə Cənubi Azərbaycanda Azərbaycan dilini tədris etmək idi. Dərnəklərdə, hətta evlərdə uşaqlar və böyüklər üçün Azərbaycan dili dərsləri təşkil edirdim. Görünür, bu, onları daha çox narahat edirdi. Eyni zamanda, Tehran Universitetində "Laçın" dərgisi nəşr olunurdu. Dərgidə Azərbaycan dili və ədəbiyyatından bəhs edən məqalələr yer alırdı. Cənubi Azərbaycan yazarları ilə yanaşı, Şimali Azərbaycan yazarlarının əsərlərinə yer verilirdi. Mən isə onun baş redaktoru idim.

Bundan başqa, məqalələr və siyasi məhbuslarla bağlı xəbərlərin yayılması ilə məşğul olurdum. Çünki onlar da mənim kimi Azərbaycan dilinin qorunması və mədəni haqlarımız üçün çalışıb sonradan həbs olunan insanlar idi.

Yəni fəaliyyətim İranda azərbaycanlılara qarşı həyata keçirilən farslaşdırma siyasətinin qarşısını almaq və Azərbaycan mədəniyyətini qoruyub saxlamaq idi. İran isə fars mədəniyyətini orijinal mədəniyyət hesab edir və başqa mədəniyyətləri yox etmək siyasəti güdür. Ona görə də mənim fəaliyyətimi hökumətə təhdid hesab edir.

- Amerikada nə kimi çətinlikləriniz var?

- Tək çətinlik dərslərlə bağlıdır. Universitet sistemi elə qurulub ki, demək olar ki, bütün zamanım dərs oxumaqla keçir. Oxumaq mütəmadi olaraq davam etməlidir. Amerikadakı təhsil bizimkilərdən çox fərqlənir. Professorların tələbələrdən xüsusi tələbləri də olur. İrandakı diplomumu hökumətdən geri ala bilmədim. Ona görə qərara aldım ki, burda yenidən ali təhsil alım. Yenidən bakalavr təhsili aldım. Ancaq mən bir az sürətli oxudum. Təxminən, üç ilə bitirdim. Burada ali təhsil semestrlərə deyil, fəsillərə bölünür. 12 kredit götürənlər tam tələbə sayılır. Mən 20 kredit götürdüm. Yay mövsümlərində də oxudum və bu il fəxri tələbə kimi universiteti bitirdim. Eyni zamanda, doktorantura üçün müraciət etdim. Gələn mövsümdən etibarən Vaşinqton Universitetinin doktorantura pilləsində sosiologiya üzrə təhsil alacam. Paralel olaraq, həmin universitetdə işləyəcəm.

- Niyə məhz Sosiologiya fakültəsi?

- Mənim əsas həyat hədəflərim üçün ən səmərəli bölmə sosiologiya idi. Çünki mən həyatım boyunca Cənubi azərbaycanlıların mədəni, sosial həyatında dəyişiklik etməyi hədəfləmişəm. Cəmiyyətin mexanizminin necə işləməsini anlamaq üçün sosiologiya mənə xüsusi bilgilər verir. Mən ali təhsilə sadəcə akademik yöndən üstünlük vermirəm. Ali təhsili məqsədlərimə doğru getmək üçün bir vasitə hesab edirəm. Gələcəkdə də aktivist akademik kimi fəaliyyət göstərməyi düşünürəm.

- Cənubi Azərbaycanda soydaşlarımızın nə kimi problemləri var və siz hansılara işıq tutmağa çalışırsınız?

- Bu suala görə xüsusi təşəkkür edirəm. Cənubi Azərbaycanda insanlar təkcə milli mənsubiyyətinə görə deyil, bir çox şeyə görə ayrı-seçkiliyə məruz qalırlar. Təkcə türklər deyil, fars olmayan digər etniklər də eyni taleyi yaşayırlar. Şimali Azərbaycanda bu məsələ çox zaman belə səslənir: Azərbaycan iki yerə bölünüb, bu hissələr birləşməlidir. Məsələ də bununla yekunlaşır. Bu fikir doğru olsa da, belə yanaşma məsələni olduqca sadələşdirir və hətta bu, bəziləri üçün lüks səslənir. Buna görə də onlar cənubdakı hərəkatla maraqlanmağı önəmli hesab etməyə bilərlər. Bəlkə də buna görə Şimali Azərbaycanda ziyalıların, aydın insanların və sosial aktivistlərin cənuba dair diqqətini cəlb etməyən bir çox problem var.

İlk olaraq, insan haqları məsələsi var. Cənubi Azərbaycanda insanlar dünyada yekdilliklə qəbul edilən insan haqlarından məhrumdurlar. Buna ana dilində təhsil almaq məsələsi başçılıq edir. Cənubi Azərbaycanda ana dilində təhsil almaq məsələsi bəzən siyasi oyunların da qurbanı olur. Hətta "ana dilində təhsil almağa şərait yaradacağam" vədini verənlər belə siyasi oyunlar qurmağa çalışırlar. Məsələn, İran prezidentinin Türk Dil Qurumu yaratmaq kimi vədləri ritorika oyunundan başqa bir şey deyildi. Bu oyun da azərbaycanlı aktivistlərin ana dili təhsili kimi tələblərinin siyasi yükünü azaltmaq və fəaliyyətlərinin qarşısını almaq üçün idi. Təəssüf ki, bəlli dərəcədə buna nail də oldular.

Digər məsələ mədəni haqlardır. Buraya daxildir Azərbaycan rəqsləri, musiqiləri, ədəbiyyatı və s. İran rejimi dövlət büdcəsini yalnız fars mədəniyyətinin inkişafına xərcləyir. İranın keçmiş xarici işlər nazirinin dediyinə görə, Cənubi Azərbaycanda cəmiyyətin 40 faizi türkcə danışır. Bir sıra sosioloqların, o cümlədən, Kanadanın York Universitetinin Cənubi azərbaycanlı professoru Əlirza Əsgərzadənin fikrinə görə isə, İranda heç bir etnik cəmiyyətin 50 faizindən çoxunu təşkil etmir. Əslində, İran azlıqların çoxluqda olduğu bir ölkədir.

İrqçilik və məcburi assimilyasiya siyasətləri İranda Pəhləvilər dövründə baş qaldırdı. Onlar tək bir xalqın mədəni irsi əsasında millət formalaşdırmağa çalışdılar. Buna görə İranda bütün etnik qruplar ayrı-seçkiliyə məruz qalıb.

Cənubi azərbaycanlıların daha bir problemi isə iqtisadi cəhətdəndir. İranda Azərbaycan şəhərləri üst-üstə ötən onillərdə ən çox mühacir göndərən bölgələr olub. Bu da iqtisadi investisiyaların yatırılmaması səbəbindən baş verir. İran hökuməti büdcəni paylaşanda, əsasən, fars bölgələrinə - İsfahana, Kirmana ayırır. Həmin bölgələrdə iş mühiti yaxşılaşır və azərbaycanlılar da məcbur olur fars bölgələrinə köçməyə. Bu iqtisadi ayrı-seçkilik, eyni zamanda, mədəni ayrı-seçkiliyə də ciddi təsir edir.

Bundan başqa, siyasi ayrı-seçkiliyə də məruz qalmışıq. Belə ki, azərbaycanlılar hər hansı siyasi partiya, qurum yarada bilməz, dövlət qeydiyyatından keçmədən fəaliyyət göstərə bilməz. Buna qarşı çıxarsa, ciddi təzyiqlər və uzunmüddətli həbslərlə qarşı-qarşıya qalır.

Bütün bunlar kifayət etməzmiş kimi, ətraf mühit problemləri da yaranıb. Urmiya gölü getdikcə quruyur və dövlətin bu prosesə faydalı bir müdaxiləsi yoxdur. Gölün tamamilə qurumasına çox az qalıb. Quruma isə sadəcə quraqlıq nəticəsində baş vermir. Urmiyaya yaxın Van gölü də var. Quraqlığa qalsa, o da quruyardı. Gölün indiki vəziyyəti sırf dövlətin yeritdiyi siyasətin nəticəsidir. Bu açıq şəkildə ortadadır. Urmiya gölünün tam quruması Cənubi Azərbaycan şəhərləri üçün fəlakət deməkdir. Çünki göl duzludur. Suyun tam quruması ilə duzlar külək, qasırğa vasitəsilə ətraf ərazilərə yayılar və təsərrüfat torpaqlarını şoranlaşdırar və istifadəsiz hala gətirər. Hətta qonşu ölkələrin torpağına da yayıla bilər. Bu da bölgə sakinlərinin kütləvi köçünü qaçılmaz edəcək. Məsələ bununla da bitmir. Çünki duzun yayılması birbaşa insanların səhhətinə də təsir göstərir. Dövlət isə hər hansı faydalı bir iş görmür. İran hökuməti Urmiya ilə bağlı işlər gördüyünü bildirsə də, son göstəricilər Urmiya gölünün suyunun keçən illə müqayisədə azaldığını ortaya qoyub.

Şübhəsiz, biz paraçalanmış millətik. Bununla belə düşünürəm, indiki halda insanların həyatına birbaşa təsir edən bu problemlərin daha çox səslənilməsi bir çox insanı Cənubla maraqlandıra bilər. Cənubi Azərbaycanın Şimali Azərbaycandan hələ ki, tək gözləntisi onun problemlərinin dünya miqyasında müzakirəyə çıxarılması, tanıdılması və həll yolunun tapılmasına yardımçı olmaqdır.

- Dediklərinizdən belə çıxır, sanki İran Cənubi Azərbaycanı vəhşi təbiətin qoynuna atıb ki, ya bizim kimi fars mədəniyyətli olacaqsınız, ya da düzlükdə məhv olub gedəcəksiniz...

- Düşünürəm, Cənubi Azərbaycanda iqtisadi problemlər etniklərə qarşı tətbiq edilən irqi və mədəni ayrı-seçkiliyin nəticəsi olaraq ortaya çıxıb. Ancaq haqlısınız, İran iqtisadi problemlərdən azərbaycanlıları farslaşdırmaq, insanları öz kimliyinə yadlaşdırmaq üçün istifadə edir. Ümumiyyətlə, bu ayrı-seçkiliklərin hamısı paket şəklində həyata keçirilir. Bir sahə digəri ilə əlaqələndirilir. Buna bariz nümunə olaraq mətbuatda azərbaycanlıların təhqir edilməsi hadisələrini göstərə bilərik. Həmçinin kino sahəsində. Təsəvvür edin, iqtisadi və mədəni ayrı-seçkiliyə məruz qalan Azərbaycan insanları ana dilindən məhrum ediliblər. Və azərbaycanlı uşaqlar yeddi yaşında məktəbin ilk günündən öz dilində oxuyub, yazmaq yerinə, tamam başqa bir dili öyrənməli, o dildə danışmalıdır. O, fars dilini tam fars ləhcəsində danışa bilməzsə, təhqir edilir. Psixoloji olaraq insanlar hər zaman başqası onların ləhcəsi haqqında "görəsən nə düşünür" kimi suallarla ömür boyu baş-başa qalırlar. Ləhcəsi üçün təhqir olunmasın deyə, çox zaman susmağa üstünlük verirlər, hətta ayrı-seçkliyə məruz qalanda belə bu ləhcə qayğısı insanın yaxasından əl çəkmir. Yəni irqçilik həm də ayrı-seçkilik qarşısında insanların susması üçün lazım olan sistemi yaradır.