Qlobal "ticarət müharibəsi":


Dünya 11 İyn 2018 16:04:00 270 0

Qlobal "ticarət müharibəsi":

Vaşinqtonun Rusiya, Çin, Yaponiya, Kanada, Meksika və Avropa İttifaqına qarşı sözün əsl mənasında "ticarət müharibəsi" açması bütün dünyanı narahat etməyə başlayıb.

Son.az newtimes.az-a istinadən xəbər verir ki, amerika hökuməti sadalanan dövlətlərə əlavə gəlir vergisi tətbiq etməyi qərara alıb. Eyni zamanda, Asiya istiqamətində neftin satış həcmini və qaz ixracını artırmaqdadır. Bu hadisələri ekspertlər qlobal nizam üçün təhlükəli gedişat adlandırırlar. Onlar ehtiyat edirlər ki, vəziyyət dünya dövlətləri arasında müharibənin yaranmasına aparıb çıxara bilər. Ümumiyyətlə isə beynəlxalq münasibətləri tənzimləmə qaydaları iflasa uğrayar. Yeni dünya nizamının yaranmasına işarə verən əlamətlər isə görünmür. Bu mənzərə dünyanı hansı istiqamətə aparır? Vəziyyətdən çıxış yolu varmı? Bu kimi suallara geosiyasi cavab axtarışını aktual hesab edirik.

Trampın qəzəbi: əlavə vergi təzyiqi

Ekspertlər hesab edirlər ki, 2018-ci il iyunun 1-dən dünya düzəni üçün həlledici mərhələ başlayıb. Səbəb geosiyasi, yaxud hərbi faktorlarla bağlı deyil. ABŞ-ın ticarət naziri Uilbur Ross bəyan edib ki, Avropa İttifaqı, Kanada və Meksikadan polad idxalına 25 faiz və alüminium idxalına 10 faiz rüsumların tətbiq ediləcəyi planlaşdırılıb. Mart ayının 1-dən etibarən isə oxşar əlavə vergi Çin, Rusiya və Yaponiya üçün tətbiq edilməyə başlanmışdı. Donald Tramp Aİ, Kanada və Meksikaya düşünmək üçün 3 ay vaxt vermişdi. İndi isə o, səbrinin tükəndiyini bəyan edib.

Amerika Kanada, Meksika və Aİ ilə azad ticarət zonası ilə bağlı aparılan danışıqların nəticəsiz qaldığını bildirib. Tərəflər ortaq mövqeyə gələ bilməyiblər. Avropa, Kanada və Meksika Vaşinqtonun yeni tələblərinin qəbuledilməz olduğunu deyirlər. Həmin şərtlər daxilində azad ticarət zonasının fəaliyyət göstərməsi imkansız hesab edilir. Başlıca maneə ondan ibarətdir ki, Amerika daha çox özünə sərf edən şərtlərin qoyulmasını tələb edir. Çünki indiyə qədər əsas güzəşt edən tərəfin ABŞ olduğu iddia edilir. Məsələn, ABŞ Avropada istehsal olunan avtomobillərə az vergi qoyur, ancaq avropalılar amerikan məhsullarına bir qədər çox vergi qoyublar. Eyni vəziyyət Çinlə ticarətdə özünü göstərir.

Çin Amerika mallarına və şirkətlərinə güzəştli yanaşmaq istəmirdi. Ancaq Vaşinqton sərtləşdikdən sonra Pekin güzəştlərin mümkünlüyündən bəhs etməyə başladı. Artıq bu istiqamətdə müəyyən razılıqların əldə olunduğu barədə informasiyalar yayılıb.

Lakin bütövlükdə qlobal ticarətdə vəziyyət gərgindir. ABŞ-ın yeni şərtləri ilə dövlətlərin heç də hamısı razılaşmır. Onlar da əks addımlar atırlar. Bu sırada Rusiya və Meksikanı göstərmək olar. Almaniya da müəyyən sərbəst addımlar barədə düşünür. Bütövlükdə Aİ öz ərazisində Amerikanın İrana tətbiq etdiyi sanksiyaların qüvvədən düşdüyünü bəyan edib. Vaşinqtonun alman avtosənayesi ilə bağlı irəli sürdüyü yeni iddia isə aranı tamamilə qatıb. Belə ki, D.Tramp avtomobil idxalında Amerikanın milli təhlükəsizliyi üçün təhdidlər gördüyünü ifadə edib. Buna qarşılığında Aİ Dünya Ticarət Təşkilatına (DTT) müraciət edəcəyini bəyanlayıb.

Brüsselin bu cür reaksiyasının səbəblərini Avropa Komissiyasının sədri Jan-Klod Yunker belə ifadə edib: "ABŞ bizə onların davranışlarını DTT-də müzakirəyə çıxarmaqdan və amerikan istehsalı olan bir neçə məhsula əlavə vergi qoymaqdan başqa çıxış yolu qoymadı" (bax: Победителей не будет: "Грохнутся все" / Rambler.ru, 4 iyun 2018). Avrokomissiyanın hesablamalarına görə, amerikan vergiləri avrozonadan 6,4 milyardlıq məhsulun ixracına təsir edir. Brüsseli başa düşmək olar.

Ekspertlər başqa bir əhəmiyyətli məqam kimi son zamanlar ABŞ-ın Asiya istiqamətində həyata keçirdiyi enerji siyasətini göstərirlər. "Reuters"in məlumatına görə, iyun ayında Amerika 2,3 milyon barel neft istehsal etməyi planlaşdırıb ki, bu da yeni tarixi rekorddur. Bu miqdarın yarıdan çoxu - sutkada 1,3 milyon barel Asiya ölkələrinə satılır. Çinin "Sinopec" şirkəti ABŞ-dan aldığı nefti 2 dəfə artırmaq qərarına gəlib və bunu iki ölkə arasındakı ticari disbalansı tənzimləmək üçün etdiyini bəyan edib. Amerikan neftinin digər alıcıları Hindistan, Cənubi Koreya, Tayvan və Tailanddır.

Geosiyasi maraq: hədəfdə kim var?