Qunnar Panke: ""Nar" bazarda rəqabətədavamlılığını və mövqeyini daha da gücləndirəcək" MÜSAHİBƏ


Digərləri 11 İyn 2018 15:50:00 277 0

Qunnar Panke: ""Nar" bazarda rəqabətədavamlılığını və mövqeyini daha da gücləndirəcək"  MÜSAHİBƏ

- İlk növbədə, Azərbaycanın telekommunikasiya bazarı haqqında düşüncələrinizi öyrənmək istərdik. Hansı dəyişiklikləri qeyd edərdiniz və bu dəyişiklikləri hansı amillər şərtləndirib?

Son.az "Azerfon"un ("Nar" ticarət nişanı) baş icraçı direktoru Qunnar Pankenin Trend-ə müsahibəsini təqdim edir

Azərbaycanın telekommunikasiya bazarındakı trendlər dünya üzrə müşahidə etdiklərimizlə demək olar ki eynidir. Burada telekommunikasiya bazarının inkişafının sürətləndirilməsinə dəstək olaraq müəyyən işlər görməyimiz məni çox fərəhləndirir.

Birinci növbədə, əlbəttə, mobil internet xidmətlərinə olan tələbatın qarşılanması nöqteyi-nəzərindən bazar üzrə nəzərəçarpacaq dərəcədə artım nümayiş etdirməkdəyik. Sizinlə internetdən istifadə ilə bağlı əhəmiyyətli artıma dair bəzi rəqəmləri bölüşüm. 2018-ci ilin birinci rübündə "Nar" şəbəkəsində mobil internetdən istifadədə 86% artım müşahidə etmişik. Hazırda bu artım müştərilərin rabitə ehtiyacları baxımından qeyd edə biləcəyimiz ən önəmli artımdır və biz bunu, əsasən, zəngin məhsul çeşidimizin hesabına edirik.

İkinci məsələ, yerli mobil operatorların yeni texnologiyalara sərmayə etmələri mütləqdir. Hazırda biz 4G texnologiyasına sərmayə qoyulması mərhələsindəyik. Üçüncü nəsil (3G) texnologiyanı dördüncü nəsillə (4G) əvəz edirik. Bu, bütün sahələr üçün uyğundur, lakin, eyni zamanda, bu bir sınaqdır, çünki bütün operatorlar yeni texnologiyalara ciddi investisiya yatırmalıdırlar.

Üçüncü qeyd etmək istədiyim məqam isə odur ki, Azərbaycanda mobil operatorlar arasında çox güclü rəqabət mövcuddur, çünki operatorlar nisbətən kiçik həcmli bazarda rəqabət aparır. Bazarda 4 operator fəaliyyət göstərir. Operatorlar arasında güclü rəqabət bizi - hər dörd operatoru daha çox effektiv fəaliyyət göstərməyə sövq edir. Qiymətləri eyni səviyyədə saxlamaq və hətta daha əlverişli etmək üçün xərclərimizi azaldacaq yeni biznes modellərinin davamlı axtarışındayıq.

- Müştərilərin tələbləri haqqında nə deyərdiniz? Tələblər dəyişibmi, bu, bazarda və sizin işinizdə əksini necə tapıb?

- Düşünürəm ki, mobil internetə daha çox meyl edən müştərilərin 24/7 rejimində onlayn olmaq kimi aydın bir gözləntiləri var. Bu, daha çox internet istifadəsi, hətta daha sürətli internet tələb edir və bütün rabitə bazarı daha çox həcm və sürətə malik internet məhsullarına üz tutur. Bu, birinci məqamdır.

İkinci vacib məqam isə odur ki, internet dünyasına üz tutmuş bir çox müştərilər orada hər şeyin pulsuz olduğunu düşünürlər. Ona görə də bu məqam, eyni zamanda, oyunçular arasında rəqabət təzyiqini xeyli artırır, başqa sözlə, onlar bazara ən sərfəli təkliflərlə çıxmağa can atırlar. Bu, həm də bizə olan bir çağırışdır, sınaqdır. Bu, bizi dilemma qarşısında qoyur. Ona görə də bir tərəfdən yeni texnologiyalara və daha yüksək sürətli internetə böyük həcmdə sərmayə qoyulması, digər tərəfdən isə qiymət səviyyəsinin saxlanılması zərurəti labüddür.

Daha bir mühüm məqam, müştərilərin məhsulların hazırlanması prosesinə daha çox cəlb edilmələri ilə bağlı gözləntiləridir. Yeni məhsul təklifləri irəli sürdüyümüz zaman həmişə tam olaraq müştəri ehtiyaclarını qarşılamağa çalışdığımız üçün çox qürurluyuq. Rominqin də daxil olduğu səsli danışıqlar və mobil internetdən ibarət paketlə bağlı bir misalı qeyd etmək istərdim. "Full" paketi kimi paketlər olduqca müasir texnologiyalara əsaslanır və biz bu kimi paketlərlə bağlı müştəri gözləntilərinin nə olduğunu araşdırmaqla onları son dərəcə cəlbedici etməyə çalışmışıq.

Burada iki element var: birincisi, müştərilərə daha çox təhlükəsizlik verdiyi üçün dəqiqələr və meqabaytlardan ibarət paketlərin əldə edilməsi cəlbedicidir. Lakin müştəri pulsuz dəqiqələri və aylıq ödənişlə əldə etdiyi paketləri itirmək niyyətində deyil və paketlərdən istifadə etmək üçün daha çox vaxt olmasını istəyir. Dəqiqə və meqabaytların üç ay ərzində qüvvədə qalmasını təmin edərək bazarda çox iddialı bir təkliflə çıxış etdik. Beləliklə, müştəri meqabaytları və dəqiqələrini itirmir.

Müştərilərin daha çox çevikliklə bağlı gözləntiləri isə üçüncü vacib məqamdır. Müəyyən həcmdə meqabayt və dəqiqələrə malik olmaq gözəldir, lakin müştəri meqabaytları dəqiqələrə və ya əksinə dəyişmə imkanını yüksək qiymətləndirir. Bu səbəbdən bazarda ilk dəfə "dəyişmə" funksiyasını təqdim etdik.

Bu, "Nar"ı bazarda fərqləndirən amildir. Biz bütün trendləri dərk edirik, amma bunu ən müştəri yönümlü qaydada edirik.

- Cənab Panke, bizə məlumdur ki, siz Avropa, Latın Amerikası və Yaxın Şərq ölkələrinin telekommunikasiya bazarlarında 25 illik zəngin bir təcrübəyə maliksiniz. Adlarını çəkdiyim bölgələrdəki hansı innovativ təcrübəni Azərbaycanda da tətbiq etmək istərdiniz?

- Bu sahənin inkişaf meyarlarını daha yaxşı anlamaq və ümumi trendləri izləmək çox vacibdir. Xüsusi vurğulamaq istədiyim üç təcrübəmi qeyd edəcəyəm.

Birinci məsələ sürətli texnoloji inkişafdır. Məsələn, telefon təminatçıları və telekommunikasiya sənayesi təchizatçıları 4G texnologiyasının geniş yayılması prosesini həyata keçirir. Bu texnologiya müştərilərin daha yaxşı mobil internet təcrübəsi tələblərinə cavab verdiyi halda, siz bu prosesi mümkün olduğu qədər sürətləndirməlisiniz. Siz sərmayə qoyuluşu prosesini optimallaşdırmağa və 3G-dən 4G-yə keçid kimi bir texnologiyadan digərinə keçmənin münasib yollarını axtarmağa çalışmaqla kifayətlənməməlisiniz. Bu kimi yeni texnologiyaların inkişafı üçün nə qədər tez hərəkət etsəniz, müştərilərin müsbət rəyləri, eləcə də gəlirlərinizin artımı bir o qədər çox olar. Bir təchizatçı kimi yeni texnologiya nümunələrini qəbul etməli, onları tam əhatə etməli və bu təcrübələrin tətbiq edilməsində lider olmalısınız.

İkincisi odur ki, mən uzunmüddətli düşüncə və strategiya tərəfdarıyam. Zənnimcə, bu, 20 ildən artıq olan fəaliyyətim müddətində sahib olduğum ən vacib təcrübələrdən biridir. Bir rübdən digərinə keçməyə çalışmaq doğru yanaşma deyil. Müştərilər bunu bəyənməyəcək, çünki bu, qısamüddətli düşüncə tərzidir. Müştərilər sizin doğrudan da onların qayğısına qaldığınızı başa düşməlidirlər, yəni bir təchizatçı kimi onların daha çox gözlədikləri sahələrə sərmayə qoyduğunuzu hiss etməlidirlər. Müştəri və şəbəkə təcrübəsində də uzunmüddətli biznes planına sahib olmaq lazımdır, yəni qısa müddət ərzində maksimum gəlir əldə etməyə çalışmaqdansa, sərmayə yatırmaq daha məqsədəuyğundur.

Üçüncü məqam isə mobil rabitə biznesində hər şeyin paket məhsul təklifi ətrafında cərəyan etməsidir. Bu baxımdan, həqiqətən də "Qutu" məhsulumuzla Azərbaycanda ön sıralardayıq. Bu, mobil rabitənin sabit internet və TV xidmətləri ilə birləşdirildiyi ilk məhsuldur. Belə təklifə müştəri tələbatı var, çünki bu, bir tərəfdən prosesi sadələşdirir, digər tərəfdən isə qiymət məsələsində müştəriyə fayda gətirir. Bunlar bizim üç əsas elementlərdir.

- Bazarda operatorlar arasında güclü rəqabət barədə söhbət açdınız. Sizcə, mobil rabitə bazarının inkişafına maneələr törədən məqamlar var? Əgər varsa, hansılardır?

- Azərbaycanda operatorlar arasında çox güclü rəqabət mövcuddur. Bir tərəfdən, qeyd etdiyim kimi, bazarda dörd operator fəaliyyət göstərir. Buna görə də bu bizim üçün bir sınaq və çağırışdır. Müştərilər mobil internetdən istifadə baxımından onlara ən yaxşı təcrübə vəd edən yeni texnologiyalara sərmayə yatırılmasını istəyirlər. Onlar səsli xidmətlərdə də şəbəkə keyfiyyətinin yüksək olmasını arzulayırlar. Digər tərəfdən, sərfəli qiymətlər təklif etmək, eyni zamanda, müştərilərin xidmətlərlə bağlı tələblərinə cavab vermək lazımdır. Bu vəziyyət Azərbaycan da daxil olmaqla bütün ölkələr üçün kifayət qədər xarakterikdir.

Bu baxımdan, biz bir neçə vacib məqamı nəzərə almalıyıq. Məhsullara gəlincə, paket təkliflərimizi bazara çıxarmalıyıq. Bu, bazarın vacib tələbidir və biz hamımız bu istiqamətdə hərəkət edirik. İnanıram ki, bazara giriş mərhələsində olan "Qutu" məhsulumuz bu bazarın gələcəyidir. Müştərilərin paket şəklində olan məhsullara ehtiyacı var. Məsələ burasındadır ki, sabit internet xidmətləri bazarı çox şaxələnmiş şəkildədir, amma bu sahə Azərbaycan bazarının gələcəyidir.