Şou davam edir...


Digərləri 11 İyn 2018 13:57:39 277 0

Şou davam edir...

Son günlər sosial şəbəkələrdə müzakirə olunan və ciddi səs-küyə səbəb olmuş bir məsələ barədə mən də fikirlərimi bölüşmək ehtiyacı hiss edirəm. Azərbaycanda sosial şəbəkə istifadəçiləri, onların müzakirə etdiyi bayağı və ciddi mövzular barədə onlarla yazı yazmışam. Əslində bu müzakirələri və fikirləri elə sosial platformalarda davam etdirə bilərdim. Sadəcə sosial platformalardakı müzakirələr ayaqüstü qeybət, tələsik dedi-qodu, atüstü söhbət formatında olduğu üçün, fikirlərimi bu yazı vasitəsi ilə bölüşmək daha münasibdir. Yazılarımı daha ciddi adamların oxuyub, daha ciddi reaksiya verəcəyinə ümid edirəm və bu ümidlə illərdir israrla yazmağa davam edirəm.

Son günlərin ən çox müzakirə olunan mövzusu xalq artisti Murad Dadaşovun müəllifi və aparıcısı olduğu, 2005-ci ildən efirdə olan "Maşın" reailiti şousu və onun iştirakçılarıdır. Son 10 ildə bir dəfə də olsun bu şouya baxmasam da, bu şou haqqında yazılanlar, şounun reklamı, müzakirəsi və gündəmi zəbt etməsi sayəsində bu barədə kifayət qədər məlumatlıyam. İstər-istəməz şounun bütün buraxılışlarının iştirakçıları, onların arasında yaşanan qalmaqallar, davalar, mübahisələr barədə oxumuş və kiçik epizodlara, xəbər saytlarında gedən məlumatlara baxmışam. 

Murad Dadaşovun şoumen və layihə rəhbəri kimi məqsədi və məramı aydındır. O baxımlı, reytinqli və gündəmi zəbt edən televiziya şousu təqdim etməkdə maraqlıdır. Bu ona həm şöhrət gətirir, həm də kifayət qədər pul qazandırır. İllərdir bu layihəni uğurla davam etdirməsinin səbəbi komandasıyla birlikdə bu işi bacarması, televiziya tamaşaçılarının da şouya və əyləncəyə olan sonsuz sevgisidir. Murad Dadaşov bu sevgini peşəkar şəkildə qiymətləndirə və adekvat davrana bilir.

Şübhəsiz ki, Murad bütün mənfi və müsbət xüsusiyyətləri, istedadlı və istedadsız yanaşmaları ilə uğurlu şoumendir. Muradın müasir efir məkanındakı uğurlarına kölgə salmadan deməliyəm ki, onun uğurlu və reytinqli şousunun Azərbaycan xalqına, televiziya tamaşaçısına zərrə qədər faydası yoxdur. Bu şounun məqsədi maarifləndirmək yox, əyləndirməkdir. Əslində heç onun özünün də xalqa, tamaşaçıya fayda vermək istəyi yoxdur. Əgər o xalqı düşünsə prodüsser kimi ciddi televiziya proqramı da yarada bilərdi. Onun üçün də şou daha çox maraqlıdır. Şouya çağrılan qonaqlar təlimatlara və razılaşmalara əsasən efirdə pəstaha çıxarmalı, özlərini və rəqiblərini bihörmət edib gözdən salmalı, xülaseyi-kəlam oyun çıxarıb şounu baxımlı etməlidirlər. Şounun hər buraxılışında bir neçə qurban və bir neçə qəhrəman seçilir, digərləri isə "böyük oyun"un "piyada"larına çevrilirlər. 

Son şouda ən çox müzakirə olunan, təhqir və tənqid olunan iştirakçı, gənc olmasına baxmayaraq kifayət qədər populyarlaşan, bu populyarlıqla bərabər əksəriyyətin gözündən düşən, videobloqer və vayner kimi tanınan Hüseyn Əzizoğludur. Hüseynin yüzminlərlə izləyicisi, hətta onlarla davamçıları var. Onun bayağı və səviyyəsiz videolarının hazırlanmasında komanda iştirak edir, bu videolara şirkətlər dəstək verir. Yəni bir neçə il ərzində Hüseyni populyarlaşdırıb efirlərə, şoulara çıxaran elə özümüzük. Bu gün Hüseyn efirdən xalqa müraciət edə bilirsə, bu səlahiyyəti ona biz vermişik. Bizim simamız, bizim efir təmsilçimiz, bizim dəstəklədiyimiz "sənət adamı", aktyor odur. Bizə Hüseyn lazımdır. Çünki, biz ciddi sənətin dadından da xəbərimiz yoxdur. Biz "alçaldılmış və təhqrolunmuş"ların toplaşdığı efir tamaşalarını izləməklə, müzakirə etməklə eqolarımızı doyururuq. Biz Hüseynə uduzmuşuq və zombi kimi onun arxasınca qaçırıq...

Bu mövzunu çox uzada bilərəm. Sadəcə efir saatı çatanda qəhrəmanınız yenə onlar olacaq. Mən isə yazımın sonunda sizə öz qəhrəmanımı təqdim edəcəm. Onun böyük uğurlarını bir neçə ildi izləyirəm və hər uğurundan sonra belə bir dostum olduğu üçün qürur hissi keçirirəm. Bəli, bu günlərdə sənət aləmimizdə yeni beynəlxalq uğurun müjdəsi dolaşır. Amma bu xəbər nə gündəm olub, nə də tamaşaçılar tərəfindən müzakirə edilib.