BMT Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirəcək


Digərləri 11 İyn 2018 13:50:00 285 0

BMT Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirəcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klaus və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb.

Bakı. Elçin Mehdiyev – İyunun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klaus və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb. Trend-in məlumatına görə, Dövlət Komitəsinin sədri ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində irihəcmli layihələrin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, irihəcmli proqramlar icra edilir. Qeyd edilib ki, Aprel hadisələri zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam tarixi hadisədir. Cocuq Mərcanlı Azərbaycan xalqının əzəli torpaqlarına qayıdışının simvoludur. Bu kəndin bərpası xalqımızın işğal altında olan digər ərazilərimizi də geri qaytarmaq əzmində olduğunu qəti şəkildə nümayiş etdirir.