Azərbaycanın ən yaxşı startapı seçildi (FOTO)


Digərləri 11 İyn 2018 13:43:20 266 0

Azərbaycanın ən yaxşı startapı seçildi (FOTO)

Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi

Bakı. “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın, Patent və Əmtəə Nişanları Mərkəzinin, İsveçrənin Azərbaycandakı səfirliyinin, eləcə də ADA universitetinin dəstəyi ilə ölkəmizdə 6-cı dəfə təşkil olunan Seedstars World müsabiqəsinin qalibi bəlli olub. Trend-in məlumatına görə, iyunun 8-də ADA Universitetində baş tutan final mərhələsində münsiflər heyəti tərəfindən seçilən 10 yerli startap öz layihələrini təqdim edərək Azərbaycanın ən yaxşı startapı adı uğrunda mübarizə aparıblar. Qaydalara əsasən müsabiqəyə 2 ildən daha az müddətdə fəaliyyət göstərən, real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar qoşula bilərdilər. Beləliklə münsiflərin səs verməsi ilə Elçin Əsgərovun "Onbranch" layihəsi innovativ dayanıqlı həllinə görə Azərbaycanın ən yaxşı startapı adına layiq görülüb. "Tap2Doc" layihəsi ilə Ceyhun Cəfərov 2-ci yerin qalibi, “Owbike” layihəsi ilə isə Həsənağa Azad 3-cü yerin qalibi olublar. Mükafatın bir hissəsi olaraq, "Onbranch" layihəsi 2019-cu ilin aprelində İsveçrədə keçiriləcək beynəlxalq Seedstars Sammitində iştirak edəcək. Bir həftə davam edəcək təlim proqramı zamanı startapımızın dünyanın inkişaf etməkdə olan 65-dən çox ölkəsinin qaliblərilə, həmçinin investor və mentorlarla görüşmək imkanı olacaq. Sammitin son günündə yerli qaliblər 1000 nəfərlik auditoriya qarşısında layihələrini təqdim edəcəklər və 1 milyon ABŞ dolları həcmində investisiya uğrunda yarışacaqlar. Tədbirin media dəstəyi technote.az portalı və Barama Media tərəfindən təmin edilib. Mi Mobile distribyutor şirkəti tərəfindən qaliblərə hədiyyələr təqdim olunub.