“Neftçi”nin hədəfi daha yüksək yerlərdə olmaqdır"


İdman 11 İyn 2018 13:16:00 270 0

“Neftçi”nin hədəfi daha yüksək yerlərdə olmaqdır"

“Neftçi”-nin italiyalı yeni baş məşqçisi Roberto Bordin “Report”un suallarını cavablandırıb. Goal.az müsahibəni təqdim edir. 

- “Neftçi”nin təklifini qəbul etməyinizdə hansı amillər həlledici rol oynadı?

- “Neftçi” Azərbaycanda ən böyük tarixə malik klubdur və kifayət qədər titul qazanıb. Digər tərəfdən, klub prezidenti Kamran Quliyevin istəkli olması, “Neftçi”ni daha böyük hədəflərə doğru aparmağı qarşısına məqsəd qoyması təklifi qəbul etməyimdə həlledici rol oynadı.

- Ardıcıl 5 mövsümdür Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanan “Qarabağ” çempionluq estafetini məhz “Neftçi”dən təhvil alıb. Bunadək isə “ağ-qaralar” ardıcıl 3 dəfə rəqiblərini qabaqlamışdı. Ağdam klubunu taxtdan salmaq tapşırığı sizin üçün motivasiyadır, yoxsa ağır məsuliyyət?

- Bunlar bir-birilərinə bağlı məsələlərdir. Yəni, həm böyük məsuliyyət, həm də çağırışdır. Bunu çox yaxşı dərk edirəm. “Neftçi”nin hədəfi daha yüksək yerlərdə olmaqdır. Bundan ötrü klubda kifayət qədər müsbət amillər, şərait var.

- “Qarabağ” ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində rəhbərlik etdiyiniz Moldova “Şerif”ini mübarizədən kənarlaşdırdığı üçün sizin üçün tanış komandadır. Ağdam klubunu nələrin hesabına çempionluqdan məhrum etmək olar?

- “Qarabağ”ın əsas güclü tərəfi yaxşı heyətə malik olmasıdır. Biz də çalışacağıq ki, komandaya yeni qüvvələr cəlb edək. Hazırda heyətdə yer alan və yeni gələcək oyunçuların vəhdətindən yaxşı, döyüşkən kollektiv formalaşdıracağımıza inanıram. Komandanı yaxşılaşdırmağa çalışacağıq. Hazırda da “Neftçi”də güclü futbolçular var. Yeni qüvvə cəlb etməklə, səviyyəni daha da artıracağıq.

- Azərbaycanda baş məşqçi kimi çalışacaq ilk italiyalı olacaqsınız. İtaliyalı futbolçu necə, gətirəcəksiniz?

- Hələlik bu suala cavab verə bilməyəcəyəm. Yaxın günlərdə bu məsələlər klub rəhbərliyi, texniki heyətlə müzakirə olunacaq. Hazırda təklif olunan yeni futbolçuları dəyərləndiririk.