Paşinyanın "xərçəng şişini görməməzliyi" fəlakət vəd edir


Siyasət 11 İyn 2018 11:35:00 265 0

Paşinyanın "xərçəng şişini görməməzliyi" fəlakət vəd edir

"O, bunları anlamırsa, çantasını belinə alıb siyasətdən getməlidir!"

Ermənistanın baş naziri Nikol Paşinyanın danışıqlarda separatist rejimin iştirakının vacibliyi barədə kəskin bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini  sual altına qoyur. Bir müddət əvvəl Azərbaycan, eləcə də bütün region hakimiyyət dəyişikliyi ilə Ermənistanın sağalacağına az da olsa ümid bəsləyirdi. Lakin bu cür bəyanatlar və işğal altında olan Dağlıq Qarabağın müstəqil subyekt kimi təqdim edilməsi qəzəb hissi yaratmaqla qeyri-subyektivliyi nümayiş etdirir.

Bu barədə Son.az-a siyasi analitik Cavid Məmmədzadə bildirib.

Onun fikrincə, bu cür kəskin bəyanatın səbəbini anlamaq olar: "Xatırlayaq ki, Paşinyan ilk rəsmi səfərini adətə çevrildiyi kimi, Rusiyaya deyil, Gürcüstana etdi. Bununla da, ənənəvi Ermənistan-Rusiya münasibətlərini rədd edib Aİ-yə istiqamətlənmiş fərqli siyasi kursunu göstərdi.

Bundan başqa, yeni iqtidar dövründə təyin edilmiş nazirlər "Soros" Fondunun keçmiş, təbii ki, qərbyönümlü əməkdaşlarıdır. Avropa İttifaqı əmin-amanlıq və sülh tərəfdarı olduğu üçün Paşinyan Qərblə, daha doğrusu Aİ ilə yaxınlaşmaq naminə münaqişə vəziyyətindən "qurtulmalıdır".

Avropa İttifaqı ilə əlaqə qurmaq istəyən ölkənin ərazi problemi, diğər ölkə ilə hərbi münaqişəsi olmamalı, yaxud da Gürcüstanın misalında olduğu kimi güzəştə getməlidir. Lakin Ermənistan təcavüzkar ölkə olduğu üçün işğal olunmuş torpaqları qaytarsa, Paşinyan öz hökumətinə son qoymuş olacaq. Buna görə Ermənistan münaqişəni tezliklə münaqişədən "qurtulmağa" və guya Dağlıq Qarabağın Ermənistana heç bir aidiyyəti olmadığını nümayiş etdirməyə çalışacaq. Yəni ki, qoy Azərbaycan separatçılarla özü danışıqlar aparsın".

Lakin siyasətşünas qeyd edib ki, Ermənistanın baş naziri arqumentlərinin əsassız olduğu barədə düşünməlidir: "Birincisi, onun dediyi bu "respublika"nı dünya ölkələrinin tanıması gərəkdir. Amma Dağlıq Qarabağı Ermənistan da daxil olmaqla heç bir ölkə tanımır. Danışıqları separatçılara həvalə edirsə, onda Paşinyayn özü bu qondarma rejimi dövlət kimi tanımalıdır. Bu isə danışıqlara son qoyulması, müharibənin başlanması və Aİ ilə vidalaşmaq deməkdir. İkincisi, əgər Paşinyan Dağlıq Qarabağa müstəqil subyekt kimi baxırsa, onda Ermənistan Silahlı Qüvvələrinin Qarabağda nə işi var? Bu halda Ermənistan öz ordusunu müstəqil hesab etdiyi "respublika"nın ərazisindən çıxarmalı, vətəndaşlarını Dağlıq Qarabağa hərbi xidmətə göndərməyi dayandırmalı, separatçı rejimin büdcəsinin təmin edilməsi və formalaşdırılmasında iştirakdan əl çəkməlidir. Yalnız bundan sonra Azərbaycan öz ərazi münaqişəsini lokal səviyyədə həll etməklə separatçılarla danışıqlar apara bilər.

Üçüncüsü, Paşinyanın "Dağlıq Qarabağın Azərbaycanlı icması Azərbaycana gəldikdən sonra buranın vətəndaşı olduğu üçün danışıqlarda çıxış etməməlidir" kimi bəyanatı isə tamamilə cəfəngiyyatdır.  Azərbaycanlı əhali Azərbaycanın tərkibindən çıxmaq üçün səs verməyib, Dağlıq Qarabağın oyuncaq hökumətini seçməyiblər. Əksinə, onlar yerli əhali olmaqla öz torpaqlarından qovulub və onlara qarşı soyqırımı törədilib.

Yuxarıda göstərilən arqumentlər qarşısında Paşinyanın bəyanatları əsassızdir. Ermənistanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlarda birbaşa iştirakdan qaçmaq cəhdi isə bədəndə olan xərçəng şişini görməməzliyə vurmaq və axırda onun qurbanı olmağa bərabərdir. Əgər baş nazir Paşinyan bunu anlamırsa, çantasını belinə alıb siyasətdən getməlidir!"

İlkin İzzət Son.az