Toplu halda zikr etmək olarmı?


Digərləri 10 İyn 2018 22:05:00 263 0

Toplu halda zikr etmək olarmı?

Darimidə keçən həmin rəvayət belədir: Amr ibn Yəhya babasından rəvayət edir ki, "biz, səhər namazından əvvəl Abdullah ibn Məsudun qapısının ağzında oturmuşduq. Məscidə bərabər getmək üçün  onun evdən çıxmasını gözləyirdik. Bu vaxt Əbu Musa əl-Əşari yanımıza gələrək "Əbu Aburrahman hələ evindən çıxmayıb?" − deyə soruşdu. Ona, "Xeyr, çıxana qədər bizimlə oturub gözləyə bilərsən" − dedik. Sonra Abdullah ibn Məsud evdən çıxdı və biz onun ətrafına toplaşdıq. Əbu Musa ona dedi: "Ey Əbu Əbdurrəhman, məsciddə bilmədiyim bir şey gördüm və əlhamdulillah bu gördüyümü xeyir zənn edirəm." Abdullah ibn Məsud: "O gördüyün nədir?" − deyə soruşdu. O da, "Gedək, inşəallah sən də görəcəksən" - deyərək davam etdi "məsciddə halqalar şəklində oturmuş namazı gözləyən bir qrup gördüm, hər halqada əllərində daşlar olan bir adam vardı. O adam "yüz dəfə təkbir gətirin" - deyir, camaat da təkbir gətirirdilər, "yüz dəfə lə iləhə illəllah deyin", "yüz dəfə təsbeh edin" deyir onlar onun dediklərini edirdilər."

Son.az meneviyyat.az-a istinadən bildirir ki, Abdullah ibn Məsud: "yaxşı, bəs sən onlara nə dedin?" − deyə soruşdu? Əbu Musa da: "Onlara heç nə demədim, sənin fikirini öyrənmək və nə deyəcəyini gözlədim." − deyə cavab verdi. Abdullah ibn Məsud "Onlara günahlarını saymalarını əmr etmədinmi? Yaxşılıqlarının unudulmayacağını söyləmədinmi?" − dedi. Sonra birlikdə məscidə gedib bu halqalardan birinin başında dayandıq. Abdullah ibn Məsud halqadakılara belə dedi: "Siz nə edirsiniz, bu gördüklərim nədir?". Camaat: "Ey Əbu Əbdurrəhman! Bu daşlarla oxuduğumuz təkbir və zikrlərimizi sayırıq." -dedilər.  İbn Məsud: "günahlarınızı sayın, mən sizə zəmanət verirəm ki, etdiyiniz yaxşılıqlardan heç nə əksilməyəcək. Əfsuslar olsun ey ümməti-Muhamməd! Nə tez həlak oldunuz! Baxın! Onlar Rəsulullahın (s.ə.s) səhabələridir. Onlar hələ yanımızdadırlar və əyinlərindəki libasları da hələ köhnəlməyib. Nəfsim qüdrət əlində olana and olsun ki.ş siz ya Muhammədin dinindən daha yaxşı bir din üzrəsiniz ya da dəlalət qapısını açmaqdasınız." - dedi. Halqada olan insanlar da "Vallah ey Əbu Əbdurrəhman biz xeyirdən başqa bir şey etmək niyyətində deyildik." −dedilər. Bunun üzərinə İbn Məsud: "Bir çox insan var ki, xeyir istəyir amma ona müvəffəq ola bilmir. Rəsulullah (s.ə.s) bir qövmdən bəhs etdi ki, onlar Quran oxuyacaqlar amma oxuduqları boğazlarından aşağı keçməyəcək. Allaha and olsun ki, bəlkə də onların çoxu sizlərdəndir. Lakin mən bunu bilmirəm" − dedi və arxasını dönüb getdi. Amr ibn Sələmə deyir ki: "O halqadakıları, Nəhrəvan (Xaricilərlə baş verən) döyüşü günü, Xaricilərlə birlikdə bizə qarşı qılınc qaldırarkən gördük." (Darimi, Sünən 204; Müsnədus-Səhabə)

Bu rəvayətdə Abdullah ibn Məsud cəm halda edilən zikri yox, məhz zikr edənləri tənqid etmişdir.  Çünki, bu formada zikr oxumağı doğru hesab etməsəydi, onlarla açıq danışar və "belə zikr etməyin", "belə zikr etmək Allah Rəsulunun dövründə yox idi", "sizin etdiyiniz bidətdir" kimi sözlərlə fikrini çatdırardı. Tənqidin zikr haqqında deyil, zikr çəkənlərə aid  olduğunu hədisin sonundakı ifadədən də anlaya bilərik. Çünki, sonda buyurulur ki: "Bəzi Quran oxuyanların oxuduqları qırtlaqlarından aşağıya keçməyəcək, bəlkə onların çoxu sizlərdəndir." Heç kim bu ifadədən "Quran oxumayın" mənasını çıxarmaz. Burda Quran oxuyanların oxunuş tərzləri tənqid edilir və deyilir ki: "Oxuyarkən şüurlu, qəlbinizdə hiss endirərək oxuyun. Zikri də belə edin". Bunu doğru anlamaq lazımdır.